BAKI, 11 avqust — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 11-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.
Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verib.
Şeyxülislam A.Paşazadə Bağdad Amreyevi Azərbaycanda görməkdən şad olduğunu bildirib.
Amreyevin rəhbərlik etdiyi Türk Dövlətləri Təşkilatının böyük işlər gördüyünü qeyd edən QMİ sədri A.Paşazadə son illər türk birliyinin güclənməsi yönündə atılan addımların əhəmiyyətindən danışıb. Şeyxülislam A.Paşazadə Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən dini-mənəvi əlaqələrdən söhbət açıb. Azərbaycan Prezidenti İlham Əliyevin milli-mənəvi irsə qayğı və himayəsini yüksək qiymətləndirən QMİ sədri A.Paşazadə milli və mənəvi dəyərlərinə sadiq ölkəmizin ortaq tarixə malik, eyni dini-mənəvi dəyərləri bölüşən qardaş xalqların Türk Dövlətləri Təşkilatının yüksəlişi yönündə səylərini xüsusi qeyd edib.
Söhbət əsnasında Şeyxülislam A.Paşazadə B.Amreyevin rəhbərlik etdiyi təşkilat tərəfindən Azərbaycana 44 günlük Vətən müharibəsi günlərində nümayiş etdirilmiş qardaş dəstəyinə görə minnətdarlığını ifadə edib, habelə bu yaxınlarda ölkəmizin Londondakı səfirliyinə edilmiş vandal hücumu qətiyyətlə qınadıqlarına, ölkəmizi birmənalı dəstəklədiklərinə görə türk dövlətlərinə təşəkkürlərini bildirib.
Daha sonra TDT üzv ölkələrin müsəlman dini liderlərinin oktyabr görüşündə qəbul ediləcək sənədin detalları müzakirə olunub. Bildirilib ki, TDT çərçivəsində türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması məqsədəuyğundur.