BAKI, 11 avqust — Sputnik. AFFA İrəvanda Azərbaycana qarşı edilmiş təxribatdan məlumatlıdır. Bunu "Report"a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla İrəvanda keçirilmiş UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Pünik" (Ermənistan) – "Srvena Zvezda" (Serbiya) matçı zamanı erməni azarkeşlərin törətdiyi təxribata münasibət bildirərkən deyib.
9 avqustda keçirilmiş matçda erməni millətçiləri ingilis dilində "Qarabağ Ermənistandır" və "Kosovo Serbiyadır" sözləri yazılmış pankartlar qaldırıb. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində "Axavnonu (Laçının Zabux kəndi) vermərik" sözü yazılmış pankart əks etdirib.
Bütün bunlarla bağlı AFFA gün ərzində UEFA-ya müraciət edəcək: "Hüquqi prosedurlara uyğun olaraq AFFA tərəfindən UEFA-ya müvafiq qaydada məlumat ünvanlanacaq. Gün ərzində UEFA-ya bununla bağlı məktub ünvanlayacağıq".
Qeyd edək ki, Zabux kəndi 1992-ci ilin mayında işğal olunub. Azərbaycan köhnə Laçın dəhlizinə alternativ yolun tikintisini başa çatdırıb. Bundan sonra Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları dəhlizin keçdiyi Laçın şəhəri və ətraf kəndlərdən çıxarılaraq alternativ yola yerləşdiriləcək. Ona görə də Zabuxda yaşayan erməni sakinlərə xəbərdarlıq edilib ki, avqustun 25-dək ərazini tərk etsinlər.