DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Cənubi Koreya prezidenti yağışın vurduğu ziyana görə xalqdan üzr istəyib

Yun Sok Yol deyib ki, "Mən qurbanlar üçün dua edirəm və hökumətin adından narahatçılıqdan əziyyət çəkən insanlardan üzr istəyirəm".
Sputnik
BAKI, 10 avqust — Sputnik. Cənubi Koreya prezidenti Yun Sok Yol çərşənbə günü bu həftə yağan güclü yağışların vurduğu ziyana görə xalqdan üzr istəyib. Bu barədə "Ryonhap" xəbər agentliyi məlumat verib.
Yun Sok Yol, hökumətin Seul və ətraf ərazilərdə 9 nəfərin ölümünə və 7 nəfərin itkin düşməsinə səbəb olan güclü yağışlar nəticəsində yaranan daşqınlara münasibət bildirmək üçün keçirilən iclası zamanı üzr istəyib.
"Mən qurbanlar üçün dua edirəm və hökumətin adından narahatçılıqdan əziyyət çəkən insanlardan üzr istəyirəm" deyən prezident sakinlərin tez bir zamanda gündəlik həyata qayıtması üçün hökuməti lazım olan hər şeyi etməyə çağırıb.
Yağışdan sonra yol, arxiv şəkli
Bir gün əvvəl prezident Seulda üç nəfərlik ailənin, o cümlədən inkişaf qüsuru olan qadının daşqın nəticəsində öldüyü yarımzirzəmi mənzilə baş çəkib.
Çərşənbə günü müxalifətdə olan Birləşmiş demokratik partiyası Yun Sok Yolu təbii fəlakətdən xilasetmə qərargahına gəlmək əvəzinə evdən telefonla hökumətin yağışla mübarizə səylərinə rəhbərlik etdiyinə görə tənqid edib.
Bundan əvvəl Cənubi Koreyanın şimal hissəsində güclü yağışlar nəticəsində artıq 9 nəfərin öldüyü, 7 nəfərin itkin düşdüyü, 2600-dən çox binanın su altında qaldığı, ölkə üzrə 1200-dən çox insanın təxliyə edilməli olduğu bildirilib.