CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş prokuror Britaniya səfiri ilə Azərbaycanın Londondakı səfirliyinə hücumu müzakirə edib

Azərbaycanın Baş prokuroru tərəfindən başlanmış cinayət işinin istintaqının Birləşmiş Krallığın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd olunub.
Sputnik
BAKI, 10 avqust — Sputnik. Avqustun 10-da Baş prokuror Kamran Əliyev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qonağı salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.
Kamran Əliyev ölkəmizdə diplomatik missiyasını başa vuran səfir Ceyms Şarpa səmərəli fəaliyyətinə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Baş Prokurorluq tərəfindən təşkil edilmiş mətbuat konfransları və brifinqlərdə iştirak etdiyinə və ölkələrimizin hüquq mühafizə orqanları arasında konstruktiv əməkdaşlıq əlaqələrinin qurulmasında səylərinə görə təşəkkürünü bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir ikitərəfli münasibətlərə toxunaraq Birləşmiş Krallığın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini qeyd edib. Səfir prokurorluq orqanlarında aparılan köklü islahatları insan haqlarının qorunması və qanunun aliliyinin təmin olunması prizmasından yüksək qiymətləndirib.
Daha sonra avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinin inzibati binasına radikal dini qruplaşma tərəfindən hücum edilməsi faktı ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən başlanmış cinayət işinin istintaqının Birləşmiş Krallığın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd olunub. Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub.
Radikal dini qruplaşmanın hücum etməsi faktı ilə bağlı cinayət işi açılıb
Xatırladaq ki, avqustun 4-də bir çox yerli və xarici media resurslarında Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına radikal dini qruplaşmanın hücum etməsini əks etdirən videogörüntülər yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək məqsədilə "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyasının tələblərinə zidd olaraq qeyd edilən tarixdə yerli vaxtla saat 16-17 radələrində London şəhəri, 4 Kensinqton Court W8 5DL ünvanında yerləşən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına hücum etməklə əmlakı qəsdən zədələmələrinə, binanın eyvanına qalxaraq dövlət rəmzi olan Azərbaycan bayrağını yerə atmaqla təhqiredici hərəkətlər etmələrinə, daha sonra özləri ilə gətirdikləri bayraq və plakatları eyvandan asıb, boyalar vasitəsi ilə inzibati binanın divarlarına müxtəlif məzmunlu dini şüarlar yazmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Böyük Britaniyanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib.
Cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.