BAKI, 10 avqust — Sputnik. Ölkəmizə birbaşa xarici investisiyaların təşviqi ilə bağlı strategiya hazırlanır. Bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.
"Sənədin bu il qəbul edilməsini gözləyirik. Strategyada investisiya yatırılması gözlənilən sahələr müəyyən edilib. Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları və sənaye parkları bizə imkan yaradır ki, xarici investorları ölkəyə cəlb edək. Biz investorlara yaxşı şərait təklif edirik", - deyə Y.Abdullayev diqqətə çatdırıb.
Xatırladaq ki, bu ilin ilk altı ayında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala 1 milyard 606,3 milyon manat vəsait yönəldilib.
Bu isə ümumi investisiyaların 48,3 faizini təşkil edir. Ötən il ərzində Azərbaycan iqtisadiyyatına xaricdən 4,795 milyard ABŞ dolları dəyərində birbaşa investisiya cəlb edilib.