HADİSƏ

Üç gün komada qalan yeddi yaşlı uşağın həyatı xilas olunub

Hazırda 7 yaşlı Vəli Səfərovun xəstəxana şəraitində müalicəsi davam etdirilir. Ötən gün onun daha bir cərrahi əməliyyatı uğurla başa çatıb
Sputnik
BAKI, 9 avqust — Sputnik. Piyadanın vurulması nəticəsində ağır travmalarla - açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, sağ gicgah nahiyəsinin əzilmiş yarası, sol bud sümüyünün yuxarı üçdə birinin qapalı yerdəyişməsi sınıqları ilə Kliniki Tibbi Mərkəzə (KTM) gətirilən və üç gün komada olan yeddi yaşlı uşağın həyatı xilas olub.
Məlumata görə, iyulun 24-dən Bərdə rayonu, Qazaxlar kəndində, evlərinin qarşısında qardaşı və qonşunun uşağı ilə oynayarkən avtomobil vurub. Hadisə nəticəsində hər üç uşaq yaralansa da Vəlinin vəziyyəti daha ağır olub.
KTM-in Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyevin sözlərinə görə, xəstə iyulun 25-i axşam saat 21:30-da koma vəziyyətində KTM-ə gətirilib və reanimasiyaya yerləşdirilib: "Bir neçə günlük mübarizədən sonra komadan ayılan və müvafiq şöbəyə köçürülən uşağın vəziyyəti təkrarən pisləşdiyindən yenidən reanimasiyaya düşməli olur. Uşaq KTM-ə gətirilərkən komada idi. Müayinə və müalicələrdən sonra iyulun 30-da xəstənin vəziyyəti stabilləşdi, komadan ayıldı və biz onu Mərkəzin Neyrocərrahiyyə şöbəsinə köçürdük. Bir müddət sonra uşaq sol bud sümüyündən də əməliyyat olmalı idi. Lakin şöbədə xəstənin halı yenidən pisləşdi. Qusma, qarıngetmə oldu və o, yenidən huşunu itirdi. İyulun 31-i biz onu təkrarən reanimasiya şöbəsinə köçürdük. Artıq vəziyyəti stabilləşib, həyati təhlükəni adlayıb".
Hazırda 7 yaşlı Vəli Səfərovun xəstəxana şəraitində müalicəsi davam etdirilir. Ötən gün onun daha bir cərrahi əməliyyatı uğurla başa çatıb.