SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əlcəzair XİN rəhbərinin Bakı səfərindən hansı gözləntilər var?

Politoloq bildirib ki, Azərbaycan Əlcəzair münasibətləri həm subregional, həm də beynəlxalq təşkilatlar çərçivəsində davam edir.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, ölkə Prezidenti Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra sabah Azərbaycana gələcək. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Sputnik Azərbaycan Ramtan Lamamranın Azərbaycana səfəri ilə bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Politoloq Elşən Manafov bildirib ki, Azərbaycan Əlcəzair münasibətləri həm subregional, həm də beynəlxalq təşkilatlar çərçivəsində davam edir: "Eyni zamanda bu iki ölkə İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur. Bu ölkə İƏT çərçivəsində Ermənistanın Azərbaycan qarşı yönəlmiş təcavüzkar siyasətini qınayan qətnamələrə dəstək verib".
Politoloq Əlcəzairin Ərəb liqasına üzv ölkə olduğunu qeyd edərək bildirib ki, Azərbaycan bu liqa ilə də yüksək səviyyəli münasibətlərə malikdir. Elşən Manafov Əlcəzairin Avropanın enerji təhlükəsizliyindəki vacib roluna diqqət çəkib. O bildirib ki, bu ölkə Avropanın enerji təminatında Azərbaycanla əməkdaşlıq etməkdən daha çox qarşı tərəfdə çıxış edəcək dövlətlərdən biri hesab oluna bilər: "Bununla belə hər iki ölkənin OPEC təşkilatı ilə sıx münasibətləri var və buna çox böyük önəm verirlər. Güman edirəm ki, hər iki tərəfin əməkdaşlığa meyl edə biləcəyi sahələr kifayət qədərdir".
"Bu ilk növbədə Əlcəzair və Azərbaycanın yeni dünya nizamı ilə bağlı məsələlərə eyni mövqedən çıxış etməsindən irəli gəlir. Azərbaycan əslində bu ilin fevralında Ruisya ilə müttəfiqlik münasibətləri ilə bağlı məlum sənədi imzalamaqla müasir dünyanın qlobal çağırışlarına bu və ya digər mənada cavab vermiş oldu. Rusiya və onun müttəfiqləri, xüsusən də BRİKS-ə üzv ölkələr dünyanın çoxqütblü olmasının tərəfdarı kimi çıxış edirlər. Azərbaycan bu təşkilata üzv olmasa da, təşkilatın yanında yer ala biləcək ölkələrdən biridir. Bu baxımdan Əlcəzairin Azərbaycana olan marağı anlaşılandır. Azərbaycanın geostrateji mövqeyi də Əlcəzairin diqqətindən yayına bilməz. Ölkəmizin mövqeyi Əlcəzairin Mərkəzi və Şərqi Asiya ilə iqtisadi münasibətlərinin inkişafı üçün cəlbedici əhəmiyyət kəsb edir. Güman edirəm ki, XİN rəhbərinin Bakıya səfəri çərçivəsində bütün bu məsələlər nəzərdən keçiriləcək", - deyə politoloq vurğulayıb.