BAKI, 9 avqust — Sputnik. Bu gün dünya iqtisadiyyatında baş verən prosesləri artıq sistemli və struktur böhranı kimi xarakterizə etmək olar. Yuxarıda deyilənlərin əsas səbəbi, fikrimizcə, qlobal miqyasda tələb və təklif inflyasiyasının üst-üstə düşməsidir. Tələb inflyasiyasının, yəni monetar inflyasiyanın arxasında duran əsas amil Qərb ölkələrinin uzun illərdir ki, öz iqtisadiyyatlarını ayaqda saxlamaq üçün etdikləri daimi pul çapıdır. Xüsusilə, ABŞ-ın iqtisadiyyata investisiya cəlb etməkdənsə, pul çap etmək strategiyasını seçməsi pul kütləsinin ciddi şəkildə artmasına səbəb olmuş və bu, qloballaşmanın bir hissəsi kimi bütün dünya ölkələrinin iqtisadiyyatlarında tələb yönlü inflyasiyanın artmasına səbəb olmuşdur. Digər tərəfdən, ərzaq və enerji qiymətləri artdıqca təklif yönlü inflyasiyanın artdığını görürük. Bunun əsas səbəbi Qərb ölkələrinin qeyri-effektiv iqtisadi idarəetmə modelidir.
Ərzaq bazarında, xüsusən də taxıl bazarında bahalaşma var. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu gün qlobal taxıl böhranını yaradan əsas amillərdən biridir. Ümumiyyətlə, biz hesab edirik ki, “kollektiv Qərb” ənənəvi olaraq öz iqtisadi strategiyasını parazitizm üzərində qurur, başqa ölkələrin təbii sərvətlərinin istismarına əsaslanan siyasət yürüdür və sonra ortaya çıxan problemlərin həlli yolları üzərində düşünməyə başlayır. Nəticədə, “liberal Qərb” böhranın dərinləşməsinin səbəbləri kimi ya COVID-19 pandemiyasını, ya da Rusiya prezidenti Vladimir Putinin siyasətini göstərməyə çalışır, hətta “Putinin inflyasiyası” kimi yeni “iqtisadi termin” tətbiq edir. Bunu Qərb liderlərinin dilindən eşitmək təəccüblüdür, xüsusən də nəzərə alsaq ki, eyni Qərb dairələrində, bir müddət əvvəl Rusiya iqtisadiyyatı “əhəmiyyətsiz dərəcədə kiçik” və “tikələrə parçalanmış” adlandırılırdı.
Eyni zamanda qeyd etmək lazımdır ki, Ukrayna taxılının dünya bazarına çıxarılması ilə bağlı Rusiya, Türkiyə və Ukrayna arasında davam edən danışıqların müsbət nəticələri qısa müddətdə müəyyən problemlərin aradan qaldırılmasına töhfə verə bilər. Lakin problemin uzunmüddətli və daha dayanıqlı həlli üçün Rusiyada mövcud olan və dünya bazarına çıxarılması nəzərdə tutulan taxılın ixracı istiqamətində məqsədyönlü iş aparılmalıdır. Bu gün Rusiya taxılını dünya bazarından təcrid edən Qərbin qeyri-adekvat siyasətidir. Qeyd etmək lazımdır ki, bu gün Rusiya taxıl ixrac edən aparıcı ölkələrdən biridir. Eyni zamanda dünya bazarının Rusiya taxılına böyük ehtiyacı var. Bu səbəbdən təkcə Ukraynanın deyil, ilk növbədə Rusiya taxılının dünya bazarına çıxarılması mexanizmləri üzərində düşünmək çox vacibdir.
Qərb ölkələri hazırkı münaqişəni dəriləşdirməməli və bu məsələ ilə bağlı danışıqlar masası arxasında ciddi işləməlidir. Xüsusilə qeyd etmək lazımdır ki, “kollektiv Qərb” bu gün öz dağıdıcı siyasəti ilə dünya iqtisadiyyatında vəziyyəti daha da gərginləşdirir. O cümlədən qeyri-monetar olan inflyasiya ilə mübarizə üçün mərkəzi banklar tərəfindən faiz dərəcələrinin artırılması kimi monetar alətlərdən istifadə problemi daha da gücləndirir. Çünki bu halda sahibkarlıq subyektlərinə ciddi ziyan dəyir və qloballaşmanın gətirdiyi mənfi təsir bütün dünyaya yayılır. Sözügedən səmərəsiz iqtisadi idarəetmə modeli taxılın qiymətinin aşağı düşməsinə təsir göstərmir, əksinə, yaranan iqtisadi problemlər fonunda qiymətlərin daha da artmasına səbəb olur. Beləliklə, dərinləşən iqtisadi böhranı həll etmək üçün sanksiyalar siyasəti və diktə etmək cəhdləri deyil, konstruktiv dialoq və əməkdaşlığa əsaslanan məsələləri kökündən həll etmək lazımdır.