BAKI, 9 avqust — Sputnik. Avropa İttifaqının (Aİ) viza kodu, xüsusən də Rusiya vətəndaşları üçün qısamüddətli vizaların verilməsini dayandırmağa imkan vermir. Bunu Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Anita Hipper bildirib. Onun sözlərinə görə, hər bir Aİ ölkəsi özü qərar qəbul edə bilər.
"Qısamüddətli vizaların verilməsini tənzimləyən Aİ-nin Viza Məcəlləsində bu cür vizaların verilməsinin dayandırılması imkanları nəzərdə tutulmur. Həmişə vətəndaşların kateqoriyaları var ki, onlara, məsələn, humanitar işlərdə, ailə üzvlərinə, jurnalistlərə və ya dissidentlərə viza verilməlidir. Bununla belə, Aİ-nin üzvü olan ölkələr konkret vəziyyətdə qısamüddətli vizaların verilməsi ilə bağlı hər bir məsələni müstəqil şəkildə icra edə bilərlər", - deyə xanım Hipper Brüsseldə keçirilən brifinqdə bildirib.
Avropa Komissiyasının rəsmi nümayəndəsi Ariana Podesta qeyd edib ki, AK Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirməyi planlaşdırır, lakin Aİ-də ruslara turist vizalarının verilməsinə məhdudiyyət qoyulması məsələsini şərh etməyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna və Estoniya prezidentlərinin rusiyalı turistlərə viza verilməsinin məhdudlaşdırılması təşəbbüsünü şərh edərkən deyib ki, bu vəziyyət düşüncənin irrasionallıqdan kənara çıxmasını göstərir. Onun sözlərinə görə, rusiyalıları və ya Rusiyanı təcrid etmək cəhdləri perspektivi olmayan prosesdir.
Bu gün səhər saatlarında Estoniyanın baş naziri Kaja Kallas Rusiya vətəndaşları üçün Aİ ölkələrinə turist vizalarının verilməsinin dayandırılmasının vacibliyini bəyan edib. Bir gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Qərb ölkələrini Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan etməyə və gələnləri isə qovmağa çağırıb. Finlandiya Xarici İşlər Nazirliyi Helsinkidə ruslara viza verilməsinin məhdudlaşdırılması yollarını müzakirə etdiklərini bildirib. Latviya, Litva, Çexiya və Estoniya artıq rusiyalılara vizaların verilməsini dayandırıb, Danimarka və Hollandiya isə artıq qısamüddətli viza vermir.