VİDEO

Heyvan sümüklərinə yeni nəfəs verən sənətkar

Müsahibimiz tarixçi olduğundan əsərlərinin böyük bir qisminin üzərində tarixi abidələr əks olunub. Satışı internet vasitəsi ilə edən həmsöhbətimiz qeyd edir ki, qiymətlər 250-500 manat arasında dəyişir.
Sputnik
BAKI, 8 avqust — Sputnik. İxtisasca tarix müəllimi olan Nicat Şükürov heyvan sümüklərindən sənət əsərləri yaradır. Necə deyərlər, onlara yeni nəfəs verir. Dediyinə görə, Azərbaycanda bu sahə ilə məşğul olan yoxdur.
Nicat Şükürov
O, bu peşəni internet vasitəsi ilə xarici sənətkarlardan baxıb, öyrənib. Əsasən iribaşlı heyanların sümüklərindən müxtəlif əşyalar hazırlayan müsahibimiz vurğulayır ki, bu, heç də rahat başa gəlmir:

"Heyvan sümükləri həmişə atılır. İnək, camış, keçi və qoç sümüyündən istifadə edirəm. Quş sümükləri balaca olduğuna görə, hələ ona müraciət etməmişəm. Bu işə marağım olduğundan fermadan bu sümükləri aldım. Öncə sümük ətdən təmizlənir, sonra oyulur, sonra şəffaf hala gətirilir. İstəyə görə rənglənir".

Müsahibimiz ixtisasca tarixçi olduğundan əsərlərinin böyük bir qisminin üzərində tarixi abidələr əks olunub:
"Şuşa qalası, "Ayasofiya" məscidini işləmişəm. Gələcəkdə başqa tarixi abidələrimizə də müraciət edəcəm".
Satışı internet vasitəsi ilə həyata keçirən həmsöhbətimiz qeyd edir ki, qiymətlər 250-500 manat arasında dəyişir. Nicatın hazırladığı hər bir süvenirin hazırlanmasına bir ay vaxt lazım olur.