BAKI, 8 avqust - Sputnik. Avqustun 8-də Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin hakimlər komissiyasının formalaşdırılması üzrə təşkilati müşavirə keçirilib. Bu barədə müdafiə nazirliyindən məlumat verilib.
İştirakçı dövlətlərin nümayəndələrinin qatıldığı tədbirdə təşkilati məsələlərlə bağlı tərəflərin təklifləri dinlənilib, hakimlər heyətinin tərkibi və müsabiqənin epizodlarının icra olunacağı yerlərə baxışların keçirilmə vaxtları dəqiqləşdirilib.
Həmçinin müsabiqənin hakimləri normativ sənədlərin vəziyyətini, mükafat və cərimə ballarının hesablanması prinsiplərini müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçilərinin iştirak etdiyi "Dəniz kuboku" müsabiqəsi cari ilin avqust ayının 13-dən 27-dək keçiriləcək.
"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak etmək üçün Rusiya, Qazaxıstan və İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti ölkəmizə gəliblər.
Xatırladaq ki, Hərbi qulluqçularımız “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Moskva şəhərinin Alabino hərbi poliqonunda keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək məqsədilə Rusiya Federasiyasında səfərdədir.
Bundan başqa hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə keçiriləcək "Dəniz kuboku", o cümlədən “Artilleriya atəşinin ustaları” (Qazaxıstan) və “Snayper həddi" (İran) müsabiqələrində də iştirak edəcəklər.
Xatırladaq ki, "Beynəlxalq Ordu Oyunları-2022" yarışları 12 dövlətin ərazisində keçiriləcək: (Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Rusiya, Özbəkistan).