BAKI, 8 avqust — Sputnik. "Yaşı 18-dən 65-dək olan hər kəs donor ola bilər. Bundan başqa, donor olmaq istəyənlərdə çəki məhdudiyyəti var. Belə ki, çəkisi 50 kiloqramdan aşağı olan şəxslərin qan verməsi tövsiyə olunmur".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova bildirib. Onun sözlərinə görə, donor ən tezi 3 aydan bir təkrar qan verə bilər, çünki qırmızı qan hüceyrəsi olan eritrositin ömrü təxminən 90-120 gündür:
"Qan verməzdən əvvəl yaxşı yatmaq və səhər yeməyi vacib amildir. Qidalanma zamanı şirin çay, kompot, mineral su, mürəbbə, çörək, tərəvəz və meyvə qəbul edilməsi tövsiyə olunur.
Həmçinin qan ianə edilən gün intensiv fiziki işlə məşğul olmamaq məsləhətdir. Bu qaydalara əməl olunması xüsusən trombositlər və ya plazma verərkən daha vacibdir".
Qeyd edək ki, bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib. Gün ərzində Bakıda Xəzər rayonundakı Mirmövsüm Ağa ziyarətgahı, Nəsimi rayonundakı Göy məscid (mərasim zalı), Nizami rayonundakı Şah Abbas məscidi, Səbail rayonundakı Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonundakı Qaraçuxur məscidi və Yasamal rayonundakı "Təzə Pir" məscidində, bölgələrdə isə Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində qanvermə aksiyası keçiriləcək.