BAKI, 8 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Soçiyə səfəri NATO-ya üzv ölkələrin paytaxtlarında səs-küyə səbəb olub. Bunu Federasiya Şurasının informasiya siyasəti və media ilə qarşılıqlı əlaqə komissiyasının sədri Aleksey Puşkov bildirib.
O, Telegram kanalında qeyd edib ki, iki lider arasındakı danışıqlar Qərbin Moskvanı təcrid etmək cəhdinə zərbə vurur.
"NATO ölkəsi liderinin Rusiyaya səfəri Qərbin Rusiyanı təcrid etmək strategiyasını sarsıdır. Əgər belə izolyasiyaya təkcə Çin, Hindistan və ya Argentina deyil, həm də Qərb alyansının mühüm üzvü qarşı çıxırsa, bu, Qərbin təcrid siyasətində uğursuzluğa düçar olması deməkdir. Həm də təkcə qlobal miqyasda deyil, bu artıq göz qabağındadır, hətta Qərb alyansının özü səviyyəsində də. Bunu isə bütün siyasi dünya görür", - Puşkov yazıb.
Senator qeyd edib ki, Putinlə Ərdoğanın görüşünü Ukrayna böhranı və Türkiyənin Rusiya ilə Ukrayna dialoqunda mümkün vasitəçiliyinə çevirmək olmaz. Puşkovun sözlərinə görə, hazırda Kiyev ciddi danışıqlar aparmaq istəmir:
"Danışıqları dəqiq ikitərəfli komponentlə qiymətləndirmək lazımdır, çünki burada - ticarət sahəsində, qarşılıqlı hesablaşmalarda milli valyutalara keçid, "Mir" ödəniş sisteminin tanınması və s. — sanksiya siyasətini alt-üst edən çox mühüm razılaşmalar əldə olunub. Ərdoğan təbii ki, Türkiyənin maraqlarını irəli sürür və bunu etməsəydi, qəribə olardı. Amma bu gün Türkiyə və Rusiyanın maraqları bir sıra aspektlərdə üst-üstə düşür".
Bundan əvvəl KİV-lər Qərb ölkələrinin Rusiya ilə Türkiyə arasında əməkdaşlığın dərinləşməsindən narahat olduqlarını yazıblar.
Qeyd edək ki, avqustun 5-də Soçidə Türkiyə və Rusiya prezidentlərinin görüşü keçirilib. Görüşdən bir müddət əvvəl Kreml tərəfindən verilmiş açıqlamada görüşdə prezidentlərin iyulun 19-da Tehranda keçirilən ikitərəfli görüşündə əldə olunmuş razılaşmalara uyğun olaraq, Rusiya-Türkiyə çoxşaxəli əməkdaşlığının mövzusunu, o cümlədən ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivlərini və enerji sektorunda birgə strateji layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirəsi planlaşdırıldığı bildirilmişdi.