BAKI, 7 avqust - Sputnik. Çinin ən uzun körpüsü sayılan Vanan Taxta Körpüsü yanğın nəticəsində məhv olub. Rusiya KİV-lərinin bazar günü "Pengpay" informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, 900 illik tarixi olan körpü tamamilə dağılıb.
Adıçəkilən körpü Fujian əyalətinin şərqindəki Pingnan qəzasında yerləşir.
Yanğın ötən gecə başlayıb və hazırda tam söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının səbəbləri araşdırılır.
Ümumi uzunluğu 98,2 m, eni 4,7 m olan körpünün 917 il əvvəl Sonq sülaləsi dövründə (960-1279) tikildiyi bildirilir.
Körpü 1742-ci ildə yanğına məruz qalsa da, sonradan bərpa edilib. 2006-cı ildə körpü ölkə səviyyəli mühafizə olunan obyektlər siyahısına daxil edilib. Vanan körpüsü Çində ən uzun tağlı taxta körpü hesab olunurdu.