SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentin xüsusi nümayəndəsi Zəngilanın baş planını açıqlayıb

Zəngəzur dəhlizinin bir parçası olan və əlverişli coğrafi mövqeyə malik Zəngilanın bölgədə mühüm logistika məkanına çevriləcəyinə diqqət cəlb edilib.
Sputnik
BAKI, 6 avqust - Sputnik. Zəngilan şəhərinin özünəməxsus simasını formalaşdırmaqdan ötrü baş planda tarixi abidələrin, ətraf mühitin qorunması nəzərdə tutulub və müasir yanaşmalar tətbiq edilib. Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq.
Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
Xüsusi nümayəndə qeyd edib ki, işğal illərində Zəngilanın ekosisteminə vurulan zərəri aradan qaldırmaq məqsədilə rayon ərazisində indiyədək 2 000 çinar ağacı və 1 000 kiloqrama yaxın palıd toxumu əkilib. Minalardan təmizlənmiş Ağalı kəndinin yerində “ağıllı kənd” konsepsiyasına uyğun olaraq yeni və müasir qəsəbənin salındığını xatırladan xüsusi nümayəndə əlavə edib ki, bu yaşayış məskənində 200 ev, uşaq bağçası, məktəb və bir neçə inzibati binanın inşası başa çatdırılıb, 150 evin, iki və üçmərtəbəli binaların tikintisi davam etdirilir.
Artıq 41 ailənin 201 üzvünə evlərin açarlarının təqdim edildiyi, qəsəbədə məşğulluq probleminin olmadığı, sakinlərin əksəriyyətinin işlə təmin olunduğu vurğulanıb. Dayanıqlı kənd təsərrüfatının, turizm potensialının inkişafı üçün əlverişli mühitin olduğu, yerli və xarici sərmayənin yatırılması nəticəsində müxtəlif layihələrin artıq həyata keçirilməyə başladığı bildirilib (Report).
Zəngəzur dəhlizinin bir parçası olan və əlverişli coğrafi mövqeyə malik Zəngilanın bölgədə mühüm logistika məkanına çevriləcəyinə diqqət cəlb edilib.