TƏHSİL

Hibrid avtomobillərlə bağlı peşə təhsilinə görə tələbələrə 2 təqaüd verilə bilər - Yenilik

Peşə təhsilinə görə tələbələrə ikili təqaüd, alman təhsil modeli və iş yeri, təhsili bitirdikdə isə Almaniya nümunəli sertifikat veriləcək.
Sputnik
BAKI, 6 avqust — Sputnik. Dizel yanacağı və benzinlə işləyən avtomobillər tədricən yerini daha müasir, yeni prinsiplər əsasında qurulmuş mühərriklərin hərəkətə gətirdiyi avtomobillərə verir. Belə ki, hazırda dünyanın əksər ölkələri artıq hibrid və elektriklə işləyən avtomobillərə keçid dövrünü yaşayır. Bəzi ölkələrdə isə əhalinin hibrid və elektriklə işləyən avtomobillərə keçid etməsi üçün cari ilin sonunadək vaxt verilib.
Son illər Azərbaycanda ekoloji sağlamlığın qorunmasına yönəlmiş tədbirlər fonunda hibrid və elektriklə işləyən avtomobillərə maraq da artır. Bu avtomobillərlə bağlı ölkədə artıq müəyyən güzəştlər də tətbiq edilir.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində
Bəs bu avtomobillərin ölkəyə kütləvi axını təmin edilsə, onların təmiri və digər lazımi işləri ilə məşğul ola biləcək mütəxəssislər varmı?
Növbəti 3 il ərzində artıq Azərbaycanda bu sahəni bilən peşəkar kadrlar olacaq. Belə ki, Azərbaycanda ilk dəfə olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində hibrid avtomobillərlə bağlı Almaniya İnkişaf Nazirliyinin maliyyələşdirdiyi BBP layihəsi çərçivəsində ödənişsiz Avtomobil Mexatronikası üzrə texnik peşə tədris olunacaq.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində
Detallar nədən ibarətdir və layihənin əsas üstünlükləri nədir?
Almaniya İnkişaf Nazirliyinin maliyyələşdirdiyi BBP layihəsinin meneceri Mehmet Çakar bu haqda ətraflı məlumat verərək bildirib ki, yeni başlayacaq ədris mövsümündən onlar Azərbaycanda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ikili təhsil proqramına start verəcəklər.
Əsas məqsəd Almaniyanın ikili təhsil sistemini Azərbaycana adaptasiya etməkdir:

"Üç illik təhsil müddətində tələbələr hibrid, eyni zamanda da elektriklə işləyən avtomobillər haqda bütün biliklərə yiyilənəcəklər. Belə ki, tələbələr məktəbə ilk gəldikləri gündən artıq iş həyatına da adaptasiya olunacaqlar. Onlar təhsilin birinci ilində həftənin 1, ikinci ilində 2, 3-cü ilində isə 3 gününü təcrübədə, yəni göndərildikləri şirkətdə, iş başında keçirəcəklər. Bu o deməkdir ki, ilk təhsil ilində tələbələr həfətnin 4 günü peşə məktəbində olub nəzəri biliklərə yiyələnəcəklərsə, son təhsil ilində onlar sadəcə olaraq həftənin 2 gününü peşə məktəbində olub nəzəri biliklərə yiyələnəcəklər. Qeyd edim ki, bu layihənin əsas üstünlüyü ondan ibarətdir ki, tələbələr təhsil müddətində pulsuz oxuyacaq və təqaüd alacaqlar".

Alman İnkişaf Nazirliyinin maliyyələşdirdiyi BBP layihəsinin meneceri olan Mehmet Çakar
Təqaüd necə olacaq?
Mehmet Çakar deyir ki, tələbələr dövlət təqaüdü alacaq. Lakin artıq bu tələbələrin ikinci təqaüd alması istiqamətində də danışıqlar aparılır və proqnozlaşdırılır ki, tələbələr dövlət təqaüdündən əlavə, əldə olunan əməkdaşlığa əsasən həm də çalışdıqları şirkətdən də aylıq təqaüd ala biləcəklər:
"Ümumilikdə, təqaüd 60-150 manat arasında dəyişə bilər".
İşlə təmin olunmaq məsələsi necə olacaq?
Layihə meneceri deyir ki, tələbələr müxtəlif böyük avtomobil servislərində işlə təmin olunacaqları üçün onlar təhsil ilinin sonunda peşə məktəbindən Təhsil Nazirliyinin verdiyi sənədi və Almaniya nümunəli sertifikatı əldə edəcəklər. Üç illik təhsilin yekun nəticəsində isə buranı bitirənlər peşəkar kadr olacaqlar.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində
Kimlər bu peşə üzrə qəbul oluna bilər?
Qəbul prosesi üçün müraciət edildikdən sonra namizədlərlə şirkət nümayəndələri arasında görüş təşkil olunacaq və ayrılan yerlərin sayına görə seçimlər olacaq. Daha sonra tələbələr də say etibarə ilə beş-beş olmaqla bölünəcəklər və təcrübə qazanmaq üçün şirkətlərə göndəriləcəklər.
Qeyd edək ki, bura ümumi orta təhsil bazasını bitirən son 3 ilin məzunları qəbul edilir.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində
Mehmet Çakar onu da bildirir ki, elektrik və hibrid avtomobillər bütün dünyanın, eləcə də Azərbaycanın gələcəyi deməkdir.
Onun sözlərinə görə, bu layihənin icrası üçün 6 aydır ki, almaniyalı mütəxəssislər və Azərbaycanlı müəllimlər, Peşə Təhsili üzrə Dövət Agentliyi Almaniya standartlarına cavab verən kurrikulumun Azərbaycana tətbiqini araşdırıblar:

"Yəni, bu o deməkdir ki, adıçəkilən peşə məktəbində hər bir şey alman standartlarına cavab verəcək. Bundan əlavə, qeyd edim ki, yerli müəllimlər artıq bir müddətdir ki, Almaniyada əyanivə Bakıda onlayn şəkildə təhsil alırlar".

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində
Tələbələr hansı biliklərə yiyələnəcəklər?
Layihə meneceri qeyd edir ki, 3 il müddətində tələbələr hibrid və elektrik motorları və mühərriklərinin iş mexanizmi ilə yanaşı eyni zamanda da bu avtomobillərin 0-dan yığılması, onların təmiri də daxil olmaqla hər şeyi öyrənmiş olacaqlar:
"Bir sözlə, tələbə bir motoru sökərək yenidən yığa biləcək".
Qeyd edək ki, bunadək Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Alman təhsil modeli olmayıb. Peşə təhsil mərkəzi qurulandan burada koreya təhsil standartları tətbiq edilib.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində
Ölkəmizə yeni peşələrin gəlməsi, yeni sahələr üzrə mütəxəssislərə ehtiyac isə əlavə iş yerləri və işçi qüvvəsi deməkdir.
Qeyd edək ki, yeni tədris ilində mərkəzdə yalnız Avtomobil Mexatronikası üzrə Texnik, İKT üzrə texnik peşələri alman standartlarına uyğun öyrəniləcək.