BAKI, 6 avqust — Sputnik. Azərbaycan dövləti ilə FAO arasında imzalanan tərəfdaşılıq proqramı çərçivəsində “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi (HAZER)” layihəsinin icrasına start verilib. Məqsəd fındıq tullantısı olan qərzək və qabıqdan bioenerji əldə etməkdir.
Araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanda fındıq qalıqlarından bioenerji alınması üçün münbit şərait mövcuddur, potensial böyükdür. Fındığın budanması nəticəsində əldə olunan oduncaqlar, emalı nəticəsində əldə olunan qərzəklər, qabıqların potensialının dəyərləndirilməsi istiqamətində araşdırmalar davam edir.
FAO-Azərbaycan tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən HAZER layihəsinin rəhbəri Fəqan Ağayev bildirib ki, beynəlxalq ekspertlər fındıq qalıqlarından bioenerjinin hazırlanması ilə bağlı təklifləri hazırlayırlar.
Ölkəmizin sözügedən potensialını dəyərləndirən mütəxəssis bildirir ki, bu gün respublika üzrə fındıq bağlarının sahəsi təxminən 80 min hektara yaxındır. Bu təkcə fındığın özünün artımı deyil, eyni zamanda fındıq qabığı və qərzəyin də artımı deməkdir:
"Hazırda əkilən bağlardan yaranan qalıqlar və bundan sonra əkiləcək bağlardan yaranan qalıqların miqdarını hesabladıq. Mövcud vəziyyətdə fınıdığın təmizlənməsi zamanı qərzəklərin 99 faizi sahələrdə fermerlər tərəfindən yandırılır. Bundan başqa, fındıq istehlakı nəticəsində yaranan qabığın fındıq emalı müəssisələri tərəfindən sadəcə məhsulun qurudulması üçün yandırılaraq istifadəsi müşahidə edilir. Burada da kifayət qədər böyük miqdardan söhbət gedir".
Hesabatın nəticəsindən söz açan layihə rəhbəri deyir ki, 2026-cı ildə fındıq budamasından alınan qalıqların illik 35 784 tondan 45 866 tona, yaranacaq fındıq qərzəyinin müvafiq olaraq illik 41 875 tondan 70 704 tona və fındıq qabığının 7 466 tondan 13 132 tona çatacağı proqnozlaşdırılır. Hesabatın ilkin nəticələri əsasında əldə olunan məlumatlar maraqlı tərəflərə təqdim olunub və alına biləcək bioenerjinin iqtisadi potensialı və sosial-iqtisadi faydaları daha ətraflı müzakirə olunacaq. Təhlilin yekun nəticələri bu ilin sonunda milli maraqlı tərəflərə təqdim olunacaq.
Böyük biokütlə yarana bilər
Budanma nəticəsində yaranan budaqların nəinki ev təsərrüfatında, fərqli istiqamətdə də istifadəsi mümkündür. Əlimizdə olan bu imkanlar həm istilik enerjisinin, həm də elektrik enerjisinin əldə olunmasına imkan verir. Fındığın tullantısından, yəni qabığından briketlər, manqal kömürü və s. hazırlana bilər. Yandırılma yolu ilə onlardan daha yüksək enerji, istilik əldə etmək olar.
"Biz təklif edirik ki, daha az miqdarda sıxlaşdırılmış kütlənin yandırılması nəticəsində daha yüksək enerji əldə etmək mümkündür. Yandırılmadan əldə olunan istiliyin emal müəssisələrində, yaxud da istehsal müəssisələrində qurutmada istifadə edərək bu gün fındıqçılıqda başıbəlalı hesab edilən aflotoksinlə mübarizədə imkanlarımızı da artırmış olarıq. Fındıq qalırları həmçinin alternativ enerji imkalarından istifadə edərək mobil qurutma cihazlarını quraşdırmaq, Günəş panelləri ilə işləyən soyuducu anbarların quraşdırılması imkanını da verir", - F.Ağayev deyib.
Onun sözlərinə görə, Qəbələ, Oğuz, Xaçmaz, Qax, Zaqatala, Balakəndə - yəni, fındıqçılığın ən geniş yayıldığı ərazilər əsas hədəfləridir:
"Layihə çərçivəsində yerli və beynəlxalq tərəfdaşlarla da əməkdaşlıq həyata keçirilir. Pilot layihə olaraq bir sıra sahələrdə bu təcrübəni tətbiq etməyə çalışacağıq. Yekun qərarı isə KTN verəcək. Layihə qəbul olunarsa, həm emal müəssisələri yaradıla bilər, həm də qanunvericiliyin dəyişdirilməsinə ehtiyac yaranar".
HAZER layihəsinin rəhbəri onu da bildirib ki, potensialın enerjiyə çevrilməsi üçün sərmayənin qoyuluşuna ehtiyac var. İstehsal olunan enerjinin maya dəyərinin nə qədər olacağı ilə bağlı hesablamalar aparılmalıdır.
Bəs bu alternativ vasitə repsublikada olan elektrik enerjisi və istilik enerjisi ilə rəqabətə girə biləcəkmi? F.Ağayev deyib ki, bu suallara araşdırmalardan sonra cavab veriləcək və təkliflər irəli sürüləcək.
Onun fikrincə, fındıqdan bioenerjinin alınması kəndlilər üçün əlavə gəlir yeri və motivasiya olacaq. Fərdi təsərrüfat sahiblərinin bu qalıqların toplanmasında maraqlı olmaları üçünsə müvafiq nüanslar diqqətdə saxlanılır.