BAKI, 5 avqust — Sputnik. "Türk axını" bu gün Avropanı Rusiyadan qazla təmin etmək üçün ən mühüm arteriyalardan biridir. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Rusiya Prezidenti bildirib ki, o, Rusiya karbohidrogenlərinin tədarükü üçün bütün digər istiqamətlərdən fərqli olaraq, düzgün və qüsursuz işləyir.
"Bir müddət əvvəl tikintisini başa çatdırdığımız "Türk axını" bu gün Avropanı Rusiya qazı ilə təmin edən ən mühüm arteriyalardan biridir. "Türk axını" bizim karbohidrogenlərin tədarükü üçün bütün digər istiqamətlərdən fərqli olaraq, düzgün şəkildə və heç bir nasazlıq olmadan işləyir", - deyə Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan (solda) görüş zamanı
© Sputnik / Вячеслав Прокофьев
"Qazprom" "Türk axını" ilə Rusiyadan Qara dəniz vasitəsilə Türkiyəyə və Türkiyə ərazisindən tranzitlə Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz nəql edir. Kəmərin layihə gücü ildə 31,5 milyard kubmetr qaz tranzitinə imkan verir.
Rusiya Prezidenti onu da deyib ki, avropalı tərəfdaşlar Rusiyadan qazın fasiləsiz tranziti üçün Türkiyəyə minnətdar olmalıdırlar:
"Mən təkcə Türkiyədəki istehlakçılar üçün tranziti nəzərdə tutmuram, bir daha təkrar etmək istəyirəm ki, Avropadakı istehlakçılar üçün. Ona görə də hesab edirəm ki, avropalı tərəfdaşlar qazımızın Avropa bazarına fasiləsiz tranzitini təmin etdiyinə görə Türkiyəyə minnətdar olmalıdırlar", - deyə o bildirib.
Putin həmçinin qeyd edib ki, Türkiyənin öz istehlakı üçün Rusiyadan böyük həcmdə neft, qaz və kömür alır.
Öz növbəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirdiyi görüşdə əməkdaşlıq məsələlərində yeni səhifə açmalı olduqlarını bildirib.
"Bizim qarşımızda böyük iş dayanır. İnanıram ki, danışıqlarımız iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq. Mən bura enerji əməkdaşlığı, Qara dənizdə taxıl ixracı, turizm, regional məsələləri daxil edirəm", - deyə Türkiyə Prezidenti qeyd edib.
Ərdoğanın sözlərinə görə, danışıqların mövzularından biri Suriya məsələsi olacaq.
"Bu bölgədə terrorizmlə mübarizə bizim üçün vacibdir. Bu gün dünya Soçidəki danışıqları izləyir", - deyə Türkiyə lideri bildirib.
Rusiya prezidenti Vladimir Putin ümid etdiyini bildirib ki, Rusiya və Türkiyə ticarət-iqtisadi əlaqələrin inkişafına dair memorandum imzalaya biləcəklər.
"Razılaşdırıldığı kimi, ümid edirəm ki, bu gün biz nümayəndə heyətimizin Türkiyədə işləyərkən əldə etdiyi razılaşmaları nəzərə alaraq, ticarət-iqtisadi əlaqələrimizin inkişafı ilə bağlı müvafiq memorandum imzalaya biləcəyik", - o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündə deyib.
Rusiya prezidenti Vladimir Putin görüşdə təhlükəsizlik məsələləri, xüsusilə Suriya mövzusunu müzakirə edəcəklərini qeyd edib. "Əlbəttə, biz uzun müddətdir məşğul olduğumuz problemlərdən danışacağıq, Burada regionun təhlükəsizliyini, ilk növbədə Suriya böhranını nəzərdə tuturam", - Putin bildirib.
O əlavə edib ki, Türkiyə və Rusiyanın Suriyadakı vəziyyətin normallaşmasına böyük töhfəsi var. "Biz, əlbəttə ki, bu mövzudan da yan keçməyəcəyik", - deyə Rusiya prezidenti bildirib.
Qeyd edək ki, görüşdən bir müddət əvvəl Kreml tərəfindən verilmiş açıqlamada görüşdə prezidentlərin iyulun 19-da Tehranda keçirilən ikitərəfli görüşündə əldə olunmuş razılaşmalara uyğun olaraq, Rusiya-Türkiyə çoxşaxəli əməkdaşlığının mövzusunu, o cümlədən ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivlərini və enerji sektorunda birgə strateji layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirəsi planlaşdırıldığı bildirilmişdi.
Tərəflərin, həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər üzrə fikir mübadiləsi aparması nəzərdə tutulur.