BAKI, 5 avqust — Sputnik. İxtisaslar əmək bazarının tələblərinə əsasən Təhsil Nazirliyi tərəfindən müəyyənləşir. Bu təqdimat Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Burada hər ixtisas üzrə nə qədər kadrın hazırlanacağı və s. bu kimi nüanslar qeyd olunur. Ümumiyyətlə, əmək bazarının öyrənilməsi ilə bağlı dövlət qurumları da araşdırma aparmalıdır.
Bunu açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. O bildirib ki, hazırda əmək bazarının öyrənilməsi prosesi lazımi səviyyədə deyil: "Tələbatların dəqiq öyrənilməsi üçün əmək bazarının öyrənilməsi mütləqdir. Lakin qeyd edim ki, indiki vəziyyətdə ölkədə əmək bazarını öyrənmək, hansı ixtisasın vacib olub-olmadığını demək mümkün deyil. Çünki dövlət strukturları istisna olmaqla digər iş yerlərinin heç də hamısı leqal deyil. Çünki iş yerlərinin əksəriyyəti ayrı-ayrı məmurlarındır və onlar vergidən yayınmaq üçün leqal fəaliyyətdə maraqlı deyillər".
"Nəinki peşə məktəbləri, ali məktəblər kadr hazırlaya bilirmi?! Xeyr, onlar bazarın tələblərinə uyğun kadr hazırlaya bilmirlər", - deyə o əlavə edib.
O bildirir ki, əmək bazarının öyrənilməsi ilə bağlı silsilə tədbirlər həyata keçirilməli, proqramlar qəbul edilməlidir.
Ekspert son illərdə kompüter, informasiya və kommunikasiya texnologiyalarına böyük marağın olduğunu bildirir.
Kitabxanaçılıq və bu kimi bir sıra ixtisasların lazım olub-olmamasına gəldikdə isə digər təhsil eksperti Kamran Əsədov bildirir ki, ümumiyyətlə, bir ixtisasın hazırlanmasına əsas məqsəd o deyil ki, həmin şəxs məzun odluqdan sonra elə həmin ixtisas üzrə çalışsın: "Məsələn, "kitabxanaçılıq" ixtisasından danışaraq onu deyə bilərəm ki, ölkədə kitabxanaların sayı az deyil. Ümumiyyətlə, bu ixtisası bitirən şəxs mütləq şəkildə kitabxanaçı olmur. Burada əsas məsələ müəyyən bilik və bacarıqlara yiyiələnib daha sonradan müxtəlif sahələrdə də çalışmaqdır".
Əmək bazarındakı vəziyyəti qiymətləndirən Kamran Əsədov hazırda 51 universitet tərəfindən illik olaraq təxminən 187 min tələbənin məzun olduğunu bildirir.
Dövrü bitən ixtisaslara gəldikdə, o qeyd edir ki, hazırda geologiya, dağ-mədən mühəndisliyi, maşın mühəndisliyi o qədər də populyar deyil və onlara meyiilənmə artıq üstünlük təşkil etmir
Ekspert bildirir ki, sovet dövrü ilə müqayisədə bir sıra kənd təsərrüfatı ixtisasları artıq aktuallığını itirib. Məsələn, aqronomluq, meşəçilik, balıqçılıq, şərabçılıq ixtisasları o qədər də populyar deyil, bu kadrlara bir o qədər ehtiyac yoxdur: "Abituriyentlər ixtisas seçimi zamanı logistika, İKT, informasiya mühəndisliyi kimi ixtisaslara yönəlsələr, daha yaxşı olar. Ümumiyyətlə, biz 3-5 ildən sonra hansı kadrlara ehtiyac olacaq, bunu araşdırmalıyıq".
Maraqlıdır, bizdə ali məktəblərə ixtisasların müəyyənləşməsi, yerlərin açılması hansı monitorinqlərə əsasən aparılır?
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyasından sorğumuza cavab olaraq bildirilib ki, istənilən hər hansı bir ixtisasa tələbə qəbulu sosial sifarişdən irəli gəlir: "Biz kadr hazırlığının əmək bazarında tələb olunan iş yerləri ilə uyğunsuzluğu haqqında tez-tez, hətta peşəkarlardan da fikirlər eşidirik. Sözsüz ki sual oluna bilər: əgər ali təhsil müəssisələrinin rəhbərləri öncədən bilirlərsə ki, onların hazırladıqları kadrlar özlərinə iş tapa bilməyəcəklər, nə üçün bu ixtisaslara tələbə qəbulunu elan edirlər? Cavab sadədir – bunu tələbələr özləri (və ya valideynləri) seçirlər. Çünki onların bilik və qabiliyyətləri ancaq bu ixtisasda oxumağa adekvatdır".
Observatoriya bildirir ki, hər bir tələbə yerinə görə müsabiqə varsa, deməli buna cəmiyyətin ehtiyacı var. Lakin, məzunların sonradan iş yerlərinə yerləşdirilməsi artıq həmin məzunların özlərinin qazandıqları bilik və bacarıqlardan asılıdır.
"Baxmayaraq ki, hazırda cəmiyyətdə cərəyan edən rəqəmsallaşma prosesləri informasiya texnologiyalarına aid olan peşə və ixtisasların prioritetliyini tələb edir, amma nə edəsən, hələ də orta məktəblərdə informatika və riyaziyyatı yaxşı mənimsəməyə çoxlarının ya həvəsi olmur, ya da qabiliyyətləri çatmır. Hamıya məlumdur ki, yaxşı proqram təminatçısı heç vaxt işsiz qalmaz. Hətta belə bir yerə vakansiya olmasa belə, bu peşə sahibləri sərbəst formada öz işlərini qura bilərlər. Çünki onlara həddən artıq böyük ehtiyac var", - deyə verilən məlumatda bildirilib.
Qeyd olunub ki, istənilən iş yerlərinin açılması işəgötürənin seçdiyi prioritetdən asılıdır: "Onun imkanları daxilində açılan iş yerləri ilk öncə arxalandığı potensialdan irəli gələr. Bu əvvəlcədən düşünülmüş komanda işi də ola bilər. Lakin müəyyən dövrlərdən sonra onların təsərrüfatı genişləndikcə yeni kadrlara ehtiyac yaranır".
Qaldı bu istiqamətdə müvafiq monitorinqlərin aparılmasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya bu işlə mütamadi olaraq məşğul olur, rəy və təkliflərini qərarverici orqanlara təqdim edir: "Məsələn, Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə perspektiv peşə və ixtisasların müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparmışıq, 175 sayda perspektiv peşə və ixtisas üzrə kadr hazırlığı üçün öz təkliflərini təqdim etmişik. Digər nümunə kimi, perspektiv peşə və ixtisaslar üzrə müvafiq peşə standartlarının hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafik inkişaf şöbəsinin sifarişi ilə 150 peşə adı müəyyənləşdirilib, aidiyyəti üzrə təqdim edilib".
Kitabxanaçı ixtisasına indiki dövrdə nə kimi ehtiyac var?
Bu suala cavab olaraq bildirilib ki, kitabxanaçı peşəsi, kitabxanalar, onlara tələbat olmasa da, hər il bu ixtisas üzrə kadr hazırlığının olması müəyyən ziddiyyətli fikirlər yaradır: "Güman etmək olar ki, bu ixtisas sahiblərinin 80-90 %-i tamamilə qeyri-ixtisas sahələrində çalışırlar. Lakin bu belə deyil. Araşdırmalarımza görə onların böyük bir hissəsi, xüsusi ilə xanımların əksəriyyəti rəsmi olaraq heç bir yerdə işləmirlər. Lakin, yəqin ki, küçələrdə divarlarda, evlərin bloklarında, qəzet elanlarında, internet səhifələrində dayə, məktəbəqədər uşaq hazırlığı, ibtidai sinif şagirdlərinin hazırlığı və s. üzrə iş təkliflərini müşahidə etmisiniz. Baxın, bu işləri, demək olar ki, həmin fakültənin məzunları icra edirlər".
Bildirilib ki, Azərbaycanda kifayət qədər qeyri-rəsmi təhsil mərkəzləri var ki, həmin məzunlar özlərini orada işlə təmin edirlər: "Həm də bu ixtisas üzrə verilən diplomlardan müxtəlif ofşor, 5 günlük və s. tipli şirkətlər, investorları maraqlandırmaq üçün də istifadə edirlər. Yəni onlardan maliyyə dəstəyi almaq üçün, şirkətlərində kifayət qədər ali təhsilli mütəxəssislərin olmasını sübut etmək üçün istifadə edilir".
Qeyd olunur ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bakıdan əlavə, paytaxtdan kənarda 6 filialı var. Bu təhsil müəssisələri hər il 2 mindən artıq mütəxəssis hazırlayır: "Lakin nə faydası. Hələ də regionlarda 2-3 minə yaxın orta məktəb müəlliminə ehtiyac var. Bununla yanaşı Respublika üzrə 10 mindən artıq pullu qeyri-rəsmi təhsil-tədris müəssisəsi var. Onlar artıq tələbə qəbulunda sifarişçi işəgötürən kimi iştirak edirlər".
Əmək bazarı kimlər tərəfindən öyrənilir?
Ümumiyyətlə, əmək bazarı ilk öncə bu bazarda iştirak edənlər tərəfindən öyrənilir: "Əmək bazarındakı vəziyyət peşəkar səviyyədə ƏƏSMN-in tabeliyində olan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxs tərəfindən öyrənilir. Azərbaycan Sahibkarlar-İşəgötürənlər Konfederasiyası da bu bazarı öyrənir. Peşəkar səviyyədə olmasa da, onlar marketinq tədqiqatının bir elementi kimi, sahibkarların maraqlarına müvafiq müəyyən işlər görürlər. Digər tərəf isə, əməyin iqtisadiyyatı ixtisas üzrə doktorant və dissertantları qeyd etmək olar. Onlar heç bir təcrübi tədqiqatlar aparmadan, ancaq nəzəri mənbələrə istinad edərək müəyyən işlər görürlər. Ciddi yoxlamalr olarsa, onların işlərinin 90-95 %-nin plagiatlığı üzə çıxar".
Bildirir ki, onlar əsasən postsovet məkanın müəlliflərinin tərcüməsi əsasında bu işləri görürlər ki, bu da Azərbaycan reallığını əks etdirmir.
Əmək bazarı, məşğulluq, peşə və ixtisaslara olan tələbat haqqında peşəkar məlumatları əldə etmək üçün hamıya Əmək bazarı və Sosial müdafiə məsələləri üzrə Milli Observatoriyaya müraciət etmələri tövsiyə olunur.
Bir sözlə, observatoriyadan verilən məlumata əsasən belə qənaətə gəlmək olar ki, ali təhsil müəssisələrinə tələbə qəbulunun əsas sifarişçisi həmişə cəmiyyət olub.