BAKI, 6 avqust — Sputnik. Son illərdə ali məktəbdə təhsil almaq sadəcə bir dəb halına çevrilib. Abituriyentin gələcəyi ilə bağlı hər hansı məqsədi olmasa da, ali məktəbə hazırlaşır. Bəzi hallarda onlar üçün ali məktəbə qəbul olmaq həyati əhəmiyyət daşıdığı üçün bu gənclərin intihar xəbərlərini də eşidirik.
Lakin bu gün dünyanın əksər ölkələrində peşə təhsilnin əhəmiyyəti artırılır. Son illərdə Azərbaycanda da peşə təhsilinin prestijini artırmaq üçün müəyyən addımlar atılır. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi də peşə təhsilinin əhəmiyyətini göstərə bilir.
Son günlər bu peşə məktəbinin adı müxtəlif yeni layihələrdə hallandığı üçün Sputnik Azərbaycan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindəki vəziyyətlə tanış olub.
Peşə məktəbində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2022-2023-cü tədris illəri üçün sənaye və texniki: Avtomobil, Avtomatika, Elektronika, Elektrotexnika, İKT, Mebel, İnşaat, Mexanika və Sənayedə quraşdırma istiqamətləri üzrə qəbul aparılır.
Mərkəzdə Koreya ekspertləri tərəfindən hazırlanan və milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. Bunadək Koreya təhsil standartları əsasında fəaliyyət göstərən mərkəzdə tədris prosesinə ixtisaslı gənc mütəxəssislər cəlb olunub və onlar 3 ay müddətində Koreyada təlimlərdə iştirak ediblər.
Mərkəzdə dərslərin 70 % praktiki, 30 % isə nəzəri keçirilir. Buranı bitirən tələbə artıq hər bir istehsalat müəssisə üçün hazır bir kadrıdır.
Cari ildən mərkəzdə alman modelinə əsasən təhsil sistemi də qurulacaq
Belə ki, cari ildə Alman dual peşə təhsili modeli üzrə iki ixtisasa qəbul həyata keçiriləcək: "Avtomobil mexatronikası üzrə texnik" və "İnformasiya Kommunikasiya Texnologiyaları üzrə texnik". Proqram çərçivəsində ən yaxşı nəticə göstərən tələbələrin Almaniyaya səfəri də olacaq.
Bu təhsil modelinə görə isə son 3 il ərzində 9-cu sinfi bitirənlər Alman dual peşə təhsilinə görə müraciət edə biləcəklər. Aylıq olaraq isə tələbələr dövlət təqaüdü alacaqlar. Bundan əlavə, tələbələrin çalışacaqları şirkətlərdə də əlavə təqaüdlə təmin olunması istiqamətində də işlər görülür.
İşlə təminat
İşlə təminata gəldikdə isə, mərkəz yerli və beynəlxalq şirkətlər ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində tələbələr həmin şirkətlərdə keçirilən təcrübə proqramlarında iştirak edəcək və ən uğurlu, bilikli namizədlər sonda işlə də təmin olunacaqlar.
Şəraitə gəldikdə, müasirliyi, təchizatı və innovativliyi ilə seçilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələr üçün hər bir şərait yaradılıb.
Qeyd edək ki, "Texnofest" festivalında 17 yaşadək olan azərbaycanlı gənc tələbələrin və onların müəllimlərinin birgə hazırladığı qırmızı avtmobil müxtəlif nominantlara görə 1, 3 və 27-ci yer tutub. Burada akkumlyatoru, dizaynı və məsafə qət etməsinə görə avotomobil qiymətləndirilib.