CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağalı kəndinə daha 727 nəfər sakin köçürüləcək

Zəngilan rayonunun Ağalı kənd sakinləri artıq 10 gündən çoxdur ki, doğma yurd-yuvalarına qayıtmağın sevincini yaşayırlar.
Sputnik
BAKI, 4 avqust — Sputnik. Ümumilikdə "ağıllı kənd" konsepsiyası əsasında salınan Ağalı kəndinə daha 727 nəfər sakinin köçürülməsi nəzərdə tutulur. Həmin sakinlərdən əmək qabiliyyətli 492 nəfərin ehtiyaclarının qiymətləndirilməsinə və müvafiq olaraq, onların məşğulluğunun səmərəli təmin edilməsi üçün müvafiq sorğu-anketlər keçirilir.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Komitə Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial-iqtisadi, təhsil, demoqrafik vəziyyəti, cari gəlirgətirən fəaliyyət, özünüməşğulluq və məşğulluq səviyyəsinin müəyyən edilməsi, ehtiyaclarının qiymətləndirilməsi və mərhələli qayıdışla bağlı fikirlərinin öyrənilməsi məqsədilə sorğular keçirir. Sorğulara 16-63 yaş aralığında olan şəxslər cəlb olunublar.
Dövlət Komitəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) ilə birgə pilot metodologiyalarla hazırladığı sorğular, üzbəüz müsahibələr, masa araşdırmaları və fokus-qrup görüşləri Ağalı kənd əhalisinin sıx məskunlaşdığı Bakı, Sumqayıt şəhərlərində, Abşeron və Beyləqan rayonlarında aparılır.
Yekun mərhələdə sorğuların nəticələri təhlil ediləcək, əmək qabiliyyətli hər bir məcburi köçkünün bilik və bacarıqlarının təkmilləşdirilməsi, uyğun məşğulluq fəaliyyəti ilə təmin olunması üçün aidiyyəti qurumlarla birgə əmək yarmarkaları, işəgötürənlərlə görüşlər və müvafiq digər optimal tədbirlər həyata keçiriləcək.
Sorğuların bu ilin avqust ayı ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Zəngilan rayonunun Ağalı kənd sakinləri artıq 10 gündən çoxdur ki, doğma yurd-yuvalarına qayıtmağın sevincini yaşayırlar. 200-dən çox keçmiş məcburi köçkün yeni evlərində təsərrüfat işləri ilə məşğul olur, yaradılmış şəraitə uyğunlaşma dövrü keçirirlər.
Xatırladaq ki, Zəngilan rayonu, Ağalı kənd ərazisində "ağıllı kənd" konsepsiyası çərçivəsində yenidən inşa edilmiş 41 mənzil 19-25 iyul tarixlərində keçmiş sahiblərinin ixtiyarına verilib.