MƏDƏNİYYƏT

Azərbaycanlı rejissor Beynəlxalq Film Festivalına münsif seçilib

2015-ci ildən fəaliyət göstərən "Doker" Beynəlxalq Sənədli Filmlər Festivalı dünyaya onlarla ölkənin istedadlı kinorejissorlarının gözü ilə baxmağı təklif edir.
Sputnik
BAKI, 3 avqust — Sputnik. "Doker" Beynəlxalq Sənədli Filmlər Festivalının münsiflər heyətinin üzvləri açıqlanıb. VIII Beynəlxaq sənədli filmlər festivalının münsiflər heyətinin tərkibində azәrbaycanlı rejissor Fariz Əhmədov da var. Münsiflər heyətininin digər üzvləri isə Almaniyadan, Pakistandan, Qazaxıstandan, Kolumbiyadan və Rusiyadan olan sənət adamlarıdır.
Məlumat üçün bildirək ki, "Doker" Beynəlxalq Sənədli Filmlər Festivalı Rusiyada kinematoqrafiyanın ayrıca istiqaməti kimi dünya sənədli kinematoqrafiyasının bütün janr və formalarını araşdırmaq və nümayiş etdirmək məqsədi ilə yaradılıb. Sözügedən festival 2011-ci ilin əvvəlində yaradılıb. Festival 2015-ci ildə başlayıb.
Festival dünyaya onlarla ölkənin istedadlı kinorejissorlarının gözü ilə baxmağı, ümumbəşəri təcrübə və istəkləri hiss etməyi təklif edir. Həmin festivala dünyanın bütün qitələrində olan kinorejissorlar qatılır.
Fariz Əhmədov kimdir?
Rejissor 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino ssenaristliyi, 2012-ci ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun magistr pilləsini bitirib. 2012-2015-ci illərdə "Azanfilm" animasiya filmləri studiyasının direktoru olub. 2020-2022-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru olub.
"Qocalar", "Bir addım", "Miras", "Mayak", "Əriyən ada", "Əbədi ezamiyyət", "Sonuncu" kimi filmlərin müəllifidir. Rejissorun bir çox filmləri müxtəlif film festivallarında iştirak etmiş və 80-dən çox mükafata layiq görülüb.
Bu yaxınlarda Fariz Əhmədovun Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyası tərəfindən istehsal olunmuş "Sonuncu" adlı sənədli filmi Rusiyanın Çeboksarı şəhərində keçirilən 15-ci Beynəlxalq Kino Festivalında qısametrajlı filmlər üzrə müsabiqədə baş mükafata layiq görülüb. Bundan başqa, "Sonuncu" ötən il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühüm film festivallarında iştirak edib.
Eyni zamanda, Bosniya və Herseqovinada keçirilən 15-ci "Jahorina Film Festivalı"nda "Ən yaxşı sənədli film" nominasiyası üzrə "Golden Maple" (Qızıl Ağcaqayın), Polşada həyata keçirilən "OFF CINEMA" 25-ci Beynəlxalq Sənədli Film Festivalında "Bronze Castle" (Bürünc Qəsr), 5-ci "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalında "Ən yaxşı yerli sənədli film" nominasiyaları üzrə mükafatlara layiq görülüb. Bununla yanaşı, Polşanın Torun şəhərində keçirilən 29-cu "EnergaCAMERIMAGE" Beynəlxalq Film Festivalının sənədli filmlər üzrə əsas müsabiqə bölməsində iştirak edib.