BAKI, 3 avqust — Sputnik. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Dövlət Gömrük Komitəsinin sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Azərbaycan-Rusiya sərhədindəki "Xanoba" sərhəd-buraxılış məntəqəsinə səfər edib.
Bu barədə DGK sədrinin birinci müavini məlumat verib.
"Məntəqədə sərhəd və gömrük xidmətlərinin qarşılıqlı fəaliyyəti üçün yaradılan imkanlar və inşaatın gedişatı ilə tanış olduq", - deyə Ş.Bağırov qeyd edib.
Cari ilin birinci yarısında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1,57 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 17,1% çoxdur.
Yanvar-iyun aylarında Azərbaycan məhsullarının Rusiyaya ixracı 390,19 milyon dollar (keçən illə müqayisədə 6,8% az), Rusiyadan mal idxalı isə 1,18 milyard dollar (keçən illə müqayisədə 27,9% çox) təşkil edib.
Komitənin məlumatına görə, ilin birinci yarısının yekunlarına görə, Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutub.