CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayaqyoluna növbə gözləyən turist və ya Təharət naminə özəl mülkiyyət - Ekspert rəyi

Gəzməli-görməli yerlərdə ayaqyolunun olmaması, yaxud da, mövcud olan "ayaqyolu"ların bərbadlığı əcnəbi turistləri də bezdirib.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Son bir neçə ildə respublikanın turizm ərazilərində müsbət mənada gözəçarpan dəyişikliklər olsa da, təəssüf ki, turistlərin ayaqyolu ehtiyaclarını necə ödəməsi məsələsi bir qədər diqqətdən kənarda qalıb. Xüsusən də son illər daha çox abadlaşan və turistlərin daha çox axışdığı Qəbələ, Qax kimi rayonların gəzməli-görməli yerlərində bu problem aktuallığını qoruyub saxlamaqdadır. Sputnik Azərbaycan məsələ ilə bağlı əməkdaşlarının müşahidələrini təqdim edir.
Müxtəlif ərəb ölkələrindən, xüsusən də Birləşmiş Ərəb Əmirliklərindən olan turistlər də bu problemdən şikayətlənirlər. Qəbələdə rastlaşdığımız dubaylı turist Nəcmə xanım artıq bir neçə gündür ki, Azərbaycanın ən dilbər guşələrini gəzsə də, bu yerlərdə ayaqyolunun olmaması, yaxud da "ayaqyolu"ların şəraitsiz, antisanitar vəziyyətdə olması onları bezdirdiyini dilə gətirib:

"Qoxudan içəri daxil olmaq olmur. İçəri bərbad vəziyyətdədir. Sabun da yoxdur. Amma tək problem bu deyil. Təsəvvür edin, bu "Yeddi Gözəl Şəlaləsi"ndə bircə ayaqyolu var, o da bir nəfərlikdir. Gördüyünüz kimi, nə qədər növbə var. Mən niyə gəzməyə ayıracağım vaxtı ayaqyolu növbəsində dayanmalıyam, 20-25 nəfəri gözləməliyəm?".

Turist onu da qeyd edir ki, Azərbaycanın bu dilbər güşələrində ayaqyolu problemi istisna olmaqla qalan hər şey ürəyincədir.
İctimai ayaqyolu, arxiv şəkli
Bəs, İcra Hakimiyyətləri və aidiyyəti qurumlar bu istiqamətdə hansı addımlar atmağı planlaşdırır?
Qəbələ rayon icra başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova bildirib ki, bu problem qısa vaxtda həll olunmalıdır:
"Bizə bununla bağlı şikayət, müraciət daxil olmasa da, özümüz bilirik ki, bunlar lazımlı şeylərdir".
Lakin Ə.Osmanova digər detalları bilmədiyini, bu haqda ətraflı məlumat verə bilməyəcəyini deyib.
Qax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəzir Nəsirov isə bildirib ki, İlisudakı şəlalədə ayaqyolu var, suyu da var:

"Ləkit kəndində Mamırlı şəlaləsi meşə idarəsinin ərazisidir. Orada sadəcə olaraq mövsümü xarakter daşıyan, quraşdırılma ayaqyolular var. Regional turizm idarəsindən də mənə bildirirldi ki, bununla bağlı agentliyə məlumat veriləcək".

Əslində belə şəraitin qurulması həmin ərazilərdə fəaliyyət göstərən kafe sahibkarlarına da tapşırıla bilər
Turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, bu yerlər daha çox ictimai yerlər olur və orada, həmin məkanlar özəl mülkiyyət deyil, dövlətin ümumi nəzarətindədir.
Ekspert bildirir ki, bu ərazilər özəl olmadığından özəl müəssisələr də hansısa formada müdaxilə edə bilmirlər. O qeyd edir ki, bu işdə dövlət nəzarəti olmalıdır:

"Təəssüflər olsun ki, turizm üçün münasib olan gəzməli-görməli yerlərin bəzilərində hətta sanitar normalar da nəzərə alınmır. Ayaqyolu ilə yanaşı, əlüzyuyanın olmaması da böyük problemdir".

Ceyhun Aşurov
C.Aşurov onu da qeyd edib ki, müəyyən təmizlik, abadlıq işlərinin görülməsi üçün turizm üçün əhəmiyyətli yerlər, şəlalələrin ətrafı uzun müddətə özəl müəssisələrə icarəyə verilə bilər və bununla da dövlət büdcəsinə əlavə yük düşməz.
Ekspert onu da bildirir ki, hər hansı belə gəzməli-görməli yerin ətrafında kafelər fəaliyyət göstərirsə, bu zaman icra hakimiyyətləri və aidiyyəti qurumlar, həmin obyektlərin sahibindən turistlər üçün ayaqyolu ilə bağlı şəraitin qurulmasını tələb etməlidirlər.
Onun sözlərinə görə, icra hakimiyyətləri də şəraitin yaradılmasında maraqlı olmalıdırlar.
Sanitar qovşağı, arxiv şəkli
Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi yaradılıb
Dövlət Turizm Agentliyindən sorğumuza cavab olaraq bildirib ki, turizm dəhlizləri üzrə salınan əsas magistral yollarda sanitar qovşaqların olmaması və ya standartlara cavab verməməsi məsələsi öz həllini tapmaqdadır:

"Bu istiqamətdə dövlət qurumları və özəl şirkətlərin birgə əməkdaşlığı çərçivəsində regionlarda müəyyən infrastruktur qurulur və bu davamlı xarakter daşıyır. Məlumat üçün bildirək ki, Dövlət Turizm Agentliyinin dəstəyi ilə 2020-ci ildə Şimal-Qərb turizm dəhlizi istiqamətində 3 rayon üzrə Şamaxı, Ağsu və İsmayıllı rayonlarında yol kənarında olan bir sıra fərdi obyektlərdə müvafiq sanitar qovşaqların təmiri aparılıb. Bundan əlavə qeyd edə bilərk ki, digər istiqamətlərdə sahibkarlarla birgə özəl təşkilatlar tərəfindən standartlara cavab verən xüsusi məntəqələr tikilir".

İcra hakimiyyətlərinə gəldikdə isə, ümidvarıq ki, bu gün verilən vədlərin tezliklə özünü doğruldacaq. Çünki təbiət nə qədər gözəl olsa da, insanların zəruri ehtiyaclarını ödəmək üçün şəraitin olmaması, bunun nəzərdən qaçması həqiqətən də həmin ərazilərin turizm əhəmiyyətinə ciddi zərbə vurur.