RUSİYA

Ukrayna taxılı olan ilk gəmi avqustun 3-də yoxlanılacaq - BMT

Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan saziş Ukrayna taxılının Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur.
Sputnik
BAKI, 2 avqust - Sputnik. Ukraynadan taxıl daşıyacaq ilk gəmi reysi Moskva, Kiyev, Ankara və BMT nümayəndələri tərəfindən avqustun 3-də yoxlanılacaq. Bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
Daha əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat vermişdi ki, ərzaq daşıyan ilk gəmi - Syerra Leone bayrağı altında "Razoni" quru yük gəmisi bazar ertəsi Moskva vaxtı ilə saat 9.20-də Odessa limanını tərk edib və avqustun 2-də İstanbula çatmalıdır.
Qarğıdalı ilə yüklənmiş gəminin hərəkət etdiyi dəhliz Qara dənizin şimal-qərb hissəsindən keçir.
Humanitar əməliyyat İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin tərkibində rusiyalı zabitlərin fəal iştirakı ilə planlaşdırılıb.
"Biz gözləyirik ki, gəmi sabah yan alacaq və BMT, Türkiyə, Rusiya və Ukrayna tərəfindən yoxlanılacaq", - deyə Düjarrik bildirib.
İyulun 22-də İstanbulda Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan saziş Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur.