BAKI, 2 avqust — Sputnik. Bu gün Bakıda açıq kino nümayişi təşkil edilib. Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun yaranmasının 124 illiyi və Azərbaycan Kinosu Günü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda təşkil edilib.
Mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak etdiyi tədbirdə nazirliyin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı film layihələri müsabiqəsinin qalibləri olan “Arxa cəbhə” (rejissor Gülay Babayeva), “Böyük Qırmızı Ev” (rejissor Leylaxanım Qənbərli”), “Hasar” (rejissor Qulu Əsgərov) filmlərinin, eləcə də Daşkənd Beynəlxalq Film Festivalının mükafatçısı olmuş “İki Yol” (rejissor Səddam Mehdiyev, Murad Hüseynov) və “Orrizuru” (rejissor Nihad J., Elgün Quliyev) qısametrajlı filmlərinin “Gənc Azərbaycan Kinosu Proqramı” çərçivəsində nümayiş olunub.
Azərbaycan Kinosu Günü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda açıq kino nümayişi
© Sputnik / Shahperi Abbasova
Tədbirdən öncə jurnalistlərə açıqlama verən Mədəniyyət naziri Anar Kərimov bildirib ki, bu ənənə artıq iki ildir ki, davam edir. Azərbaycan kinosu 124 il ömür qət edib:
"Bu illər ərzində çox böyük nailiyyətlər qazanıb. Hər bir xalqın inkişafında kinonun rolu əvəzolunmazdır. Azərbaycan xalqının da inkişafında kinomuzun rolu danılmazdır. Bu, həm Sovet dönəmində, həm də müstəqillikdən sonra özünü büruzə verdi".
Nazir vurğulayıb ki, Azərbaycan kinosu inkişaf etməkdədir. Prezident İlham Əliyevin Azərbaycanda Kino Agentliyinin yaradılması ilə bağlı verdiyi sərəncam Milli kinomuzun inkişafına təkan verəcək. Anar Kərimov onu da qeyd edib ki, bu il Azərbaycan kinosuna 6 milyon yarım büdcə ayrılıb:
"Hamının gözlədiyi sual var ki, "nə zaman Qarabağla bağlı film ərsəyə gələcək?" Mən cəmiyyətimizi biraz səbirli olmağa çağırıram".
Azərbaycan Kinosu Günü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda açıq kino nümayişi
© Sputnik / Shahperi Abbasova
Mədəniyyət naziri 44 günlük vətən müharibəsi ilə bağlı çəkiləcək çoxserialı filmdən də danışıb. Nazir qeyd edib ki, artıq Türkiyə ilə əməkdaşlıq başlanılıb:
"Əminəm ki, bu ilin axırına qədər sözügedən ekran əsərinin bir neçə seriayasını cəmiyyətimizə təqdim edəcəyik. Bununla yanaşı, həm bədii, həm də sənədli filmlərin çəkilişi davam edir".
Mədəniyyət naziri Anar Kərimov
© Sputnik / Shahperi Abbasova
Sənədli filmlərə gəldikdə isə nazir, "Qarabağ" futbol klubu ilə bağlı çəkiləcək filmdən də söz açıb:
"Qaçqın klubu olaraq dünyaya səs saldı. Bu yaxınlarda da onun daha bir qələbəsinin şahidi olduq. Filmdə " Qarabağ"ın yaranma tarixi, ona olan haqsızlıqlar, qazandığı uğurlardan bəhs ediləcək. Bu il həmin filmi ictimaiətə təqdim edəcəyik. Bu tipli layihələrimiz olacaq. Sadəcə bizə vaxt lazımdır - həm maddi-texniki bazamızı, həm də insan resurslarımızı gücləndirək. Əminəm ki, Kino Agentliyi bu yolda bizə kömək edəcək".
Azərbaycan Kinosu Günü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda açıq kino nümayişi
© Sputnik / Shahperi Abbasova
Nazir əlavə edib ki, bu sahəyə özəl sektorların cəlb olunması ən vacib amilıərdən biridir. A.Kərimov özəl sektor nümayəndlərini bu sahəyə sərmayə qoymağa dəvət edib.
Mədəniyyət naziri "Həyat, deyəsən gözəldir" (Fəryad 2) filmi ilə bağlı yaranan sualları cavablandırdı:
"Qaydalara görə, film öncə festivallara gedir. Orada rəylər toplayır. Növbəti mərhələdə cəmiyyətimizə təqdim olunacaq. Hazırda post-prodakşın mərhələsindən çıxıb, festval mərhələsinə keçid edir. Bu məsələdə də insanları səbirli olmağa çağırıram".