BAKI, 2 avqust — Sputnik. Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirəcəyi beynəlxalq oyunla əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək.
“Bakı Metropoliteni”ndən verilən xəbərə görə, bu stadionda keçirilən kütləvi tədbirlərlə bağlı Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, stansiyada qarşılaşma ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq:
“Saat 20:00-da başlanacaq oyuna yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə növbətçilik cədvəli üzrə stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq".
Bundan savayı, “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri nəzərdə tutulacaq. Onu da əlavə edək ki, gün ərzində qatarların hərəkəti yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək:
"Lakin futbol matçına azarkeş marağını nəzərə alaraq, sərnişinlərin oyun başa çatdıqdan sonra mənzil başına çatması üçün təhlükəsiz və rahat daşınması məqsədilə bəzi tədbirlər də həyata keçiriləcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq”.
Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" - "Ferentsvaroş" görüşü baş tutacaq.