BAKI, 2 avqust — Sputnik. Bu gündən Azərbaycanın İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə başlayıb.
Müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil olunub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı komissiya tərəfindən aparılır. Yeddi nəfərdən ibarət müsahibə komissiyası yalnız ilahiyyatçılardan təşkil edilib.
Hər gün 30-35 namizədin müsahibədə iştirak etməsi nəzərdə tutulur. Qeydiyyatdan keçən hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilir.
Müsahibənin nəticələri keçirildiyi gündən 5 iş günü ərzində Dövlət Komitəsinin internet saytında (https://scwra.gov.az/az) yerləşdiriləcək. Uğur qazanan namizəd təsdiq edilən qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü ərzində Dövlət Komitəsi sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha din xadimi təyin olunacaq.
Müsahibədən uğurla keçən lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində ehtiyat kadr kimi saxlanılacaqlar.
Qeyd edək ki, məscidlərdə vakant vəzifələrin tutulması üçün bu il mayın 24-dən iyunun 24-dək sənəd qəbulu aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.
Azərbaycanda məscidlərdə qadınlara vəzifə veriləcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, İslam dininə aid ibadət yerləri üzrə (məscidlər) elan olunan 39 vakant vəzifə içərisində qadın dini ayinlərin icraçısı vakansiyası yoxdur. Ancaq növbəti vakansiya elan edilən zaman bunun da olmasını nəzərdə tutulur.
İmam və imam müavini vəzifələrinə gəlincə, G.İsmayılov qeyd edir ki, bu qadınlar üçün nəzərdə tutulan bir vəzifə deyil: "Şəriətə görə qadın imam və imam müavini ola bilməz. Burada söhbət yalnız qadın dini ayinlərin icraçısından gedir".
Onun sözlərinə görə, budəfəki vakansiyalar yalnız imam və imam müavinləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, bu gündən Azərbaycanın İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə başlayıb. Müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil olunub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı komissiya tərəfindən aparılır. Müsahibəyə sənəd qəbulu bu il mayın 24-dən iyunun 24-dək aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.