BAKI, 2 avqust — Sputnik. Füzulidə minaya düşən yerli minatəmizləmə şirkətinin əməkdaşlarının səhhəti ilə bağlı məlumat açıqlanıb.
Füzuli Rayon Mərkəzi Xəstəxanasından APA-ya bildirilib ki, Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşən minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı aldığı xəsarətlərlə bağlı olaraq saat 10:48 radələrində təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib:
"1991-ci il təvəllüdlü Rövşən Əlizadə sağ qolun qəlpə yarası, 1990-cı il təvəllüdlü Yadigar Şükürov barotravma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 1976-cı il təvəllüdlü Qılman Hüseynovun sağ ayağı amputasiya olunub. Hal-hazırda hər üçünün vəziyyəti orta ağır qiymətləndirilir"- qeyd edilib.
***
Avqustun 2-i saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Füzuli rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalara müəyyən edilib ki, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynovun qeyd edlən ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşmələri nəticəsində Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri almış, Q.Hüseynovun isə sağ ayağı amputasiya olunub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.
2022-ci il 2 avqust tarixində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən yerli minatəmizləmə şirkətinin əməkdaşı 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu Füzuli rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən məlumata görə, icra edilən Beynəlxalq Minatəmizləmə standartlarına əsasən yaxınlıqda olan bir neçə əməkdaş profilaktik müayinələr məqsədilə xəstəxanaya göndərilib: “Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək”.
Xatırladaq ki, ötən ay da Minatəmizləmə Agentliyinin əməkdaşı işğaldan azad edilən Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.