BAKI, 2 avqust — Sputnik. Əgər Azərbaycanla azad ticarət rejimi qurulsa, bu, nəinki biznesə və Ermənistan vətəndaşlarına zərər verməyəcək, həm də daha böyük bazarlara çıxmağa kömək edəcək.
Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bildirib.
Erməni nazir Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasının perspektivləri barədə də danışıb. Onun sözlərinə görə, dəmir yolu əlaqəsi olmadan inkişaf etmiş sənayeyə malik olmaq mümkün deyil.
"Beləliklə, Ermənistan Rusiya, İran, Orta Asiya ilə dəmir yolu əlaqəsi əldə edəcək", - o vurğulayıb.
Kerobyan deyir ki, Ermənistan-Türkiyə sərhədi açılsa, Ermənistan cəmi 2-3 ildən sonra 30% iqtisadi artıma çata bilər. Onun fikrincə, bunu bir sıra beynəlxalq araşdırmalar da təsdiqləyir.
Vahan Kerobyanın sözlərinə görə, hökumət sərhədlərin açılmasından yarana biləcək risklərlə bağlı ictimaiyyətin qorxularını qismən bölüşür. Nazir vurğulayıb ki, Türkiyə vətəndaşlarının Ermənistana investisiya qoymasına heç vaxt qadağa qoyulmayıb.
Ankara və Yerevan sərhədlərin açılması və ya diplomatik münasibətlərin qurulması ilə bağlı hələlik razılığa gəlməyib. İki ölkə arasında dialoq ötən ilin sonunda Ruben Rubinyan və Serdar Kılıç münasibətlərin normallaşması üçün xüsusi nümayəndə təyin edildikdən sonra başlayıb.
Onlar artıq dörd dəfə görüşüblər. Hələlik danışıqların yeganə real nəticəsi birbaşa uçuşların bərpasıdır. Bu barədə tərəflərin dördüncü görüşündə tərəflər razılığa gəlinib.