MƏDƏNİYYƏT

Dövlətin kinoya ayırdığı pul zəka ilə xərclənməyib - Əli İsa Cabbarov

Animasiya rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov və Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov 124-cü ildönümünü qeyd edən Azərbaycan kinosunun problemlərindən danışıblar.
Sputnik
BAKI, 1 avqust — Sputnik. Bu gün Azərbaycan kinosunun yaranmasından 124 il ötür. 1898-ci il avqustun 2-də Bakıda Azərbaycan kinematoqrafının istehsalı olan ilk qısametrajli, səssiz film ("İlişdin") nümayiş olunub. 124-cü ildönümünü qeyd edən Azərbaycan kinosunda hansı problemlər var? Bu problemlərin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Animasiya rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov və Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov ilə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında milli kinomuzun problemləri müzakirə olunub.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov bildirir ki, o Milli Kino gününü neqativ ruhda qarşıyayır:
"Azərbaycan kinosu müəyyən uğurlar əldə edib. Dünyanın ən məşhur festivallarında iştirak edib. Dünya görür ki, Azərbaycan kinosu var. Amma bu, edə biləcəklərimizn yalnız 5 faizidir. Bizim vaxtımız da, dövlətin ayırdığı vəsait də hədər gedir. Məsələn, Hilal Baydarov çox böyük uğurlar əldə edir. Formal olaraq onun uğuru bizim uğrurumuz sayılır. Lakin bu, onun uğurudur, Azərbaycan kinosunun yox. Çünki, Hilal Baydarov heç bir dövlət təşkilatından dəstək almır".
Cabbarov bildirir ki, dövlət hesabına 3 film istehsal olunub. Sifarişçi və müəllif arasında olan narazılığa görə, filmin premyerası baş tutmayıb:

"Baş tutacağına da çox böyük şübhə var. Bu narazılıq işə olan məsuliyyətsiz münasibətə görə yaranıb.Təsdiqlənmiş ssenari əsasında film çəkilib, deməli bu ssenarini təsdiq edən adamlar buna görə məsuliyyət daşıyır. 2022-ci ildə Azərbaycanda 1 dənə də olsa film istehsalata buraxılmayıb. Bu il Kino günündə ötən illər çəkilmiş filmlər nümayiş olunacaq. Bir sözlə, dövlətin kinoya ayırdığı pul zəka ilə xərclənməyib".

Elçin Hami Axundovun fikrincə, kino müstəqil olmalıdır. Heç bir dövlət qurumundan aslı olmamalıdır:
"Kino işçiləri öz pullarını özləri qazanmalıdırlar. Özləri çəkib, özləri qazansınlar. Amma Azərbaycanda kino Mədəniyyət nazirliyə tabedir. Öncə bizdə bu sistem dəyişməlidir. Film çəkilir, sonra dövlət qurumunun nümayənsədi filmə baxır, deyir "bunu ictimaiətə təqdim etmək olmaz". Bu probem Sovet dönəmində də olub. Ssenari təsdiq olunub, dövlətdən pul alıb, sonra da baxıblar ki, film alınmayıb. Sonra da direktor deyirdi, bunu nə edək? Bunun baş verməməsi üçün kino dövlətdən ayrılmaldır. Kim necə istəyir, elə də çəksin"
Məlumat üçün bildirək ki, ilk filmlər fotoqraf və nasir Aleksandr Mişonun çəkdiyi xronika süjetlər ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.
Elçin Hami Axundov
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, Yerevan şəhərlərində prokat kontorları yaradılıb. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlayıb. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov dəvət olunub. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilib. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb.
1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni-iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar "Kinematoqrafiya və teatr qulluqçuları şurası"nda birləşiblər.
1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirilib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış "Qız qalası" bədii filmi olub.
1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək "Azdövlətkino", "Azərkino", "Azərfilm", "Azdövlətkinosənaye", "Bakı kinostudiyası", "Azərbaycanfilm" adlandırılıb. 1960-cı ildən dramaturq Cəfər Cabbarlının adını daşıyır.
"Azərbaycanfilm"də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən "Arşın mal alan", "Şərikli çörək", "Ad günü", "Sevinc buxtası", "İstintaq", "Yaramaz" və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən "Ögey ana", "Uzaq sahillərdə", "Arşın mal alan", "Bizim Cəbiş müəllim", "Axırıncı aşırım", "Nəsimi", "Özgə vaxt", "Sarı gəlin", "Ovsunçu", "Buta", "Çölçü", "Nabat", "Axınla aşağı" və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
MƏDƏNİYYƏT
Azərbaycan kinosu - 124: Nazir milli kinomuzun intibah dövrünü yaşadığını deyib