CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbli formalarının qiyməti hələlik bəlli deyil - BTE

Etibar Əzimov bildirib ki, 30 manata məktəbli formasının olması inanılmazdır.
Sputnik
BAKI, 1 avqust — Sputnik. Məktəbli formaları ilə bağlı dəyişiklik olsa da, hələki tikiş evləri yeni məktəbli formalarının kütləvi istehsalına başlamayıb. Səbəblərdən biri məktəblərin məktəbli formaları ilə bağlı rəng seçimi etməməsidirsə, digər səbəb forma istehsaı üçün xammalın hələki ölkəyə gətirilməməsidir. Məktəblərin başlanılmasına bir aydan çox vaxt qalsa da, valideynləri əsas narahat edən məqamlardan biri məktəbli formalarının qiymətinin neçəyə olacağıdır.
Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayeva 2022/2023-cü il tədris ilində Azərbaycanda tətbiq olunacaq yeni məktəbli formalarının ilkin qiymətlərinin 30-65 manat arasında dəyişəcəyini açıqlayıb. O, bildirib ki, ikili məktəbli formalarının (şalvar-köynək, köynək-ətək) qiyməti 30 AZN-ə yaxın olacaq. Üçlü və dördlü dəst (şalvar, köynək, jaket) olacaqsa, qiymət 55-65 manat arasında dəyişəcək.
Məktəbli formalarının kütləvi istehsalı ilə məşğul olan Etibar Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 30 manata məktəbli formasının olması inanılmazdır. O, bildirib ki, məktəbli formaları tələb olunan keyfiyyətə uyğun tikilərsə qiyməti 30 manatdan baha olmalıdır: " Məktəbli formaları 26 ölçüdən 54 ölçüyədək dəyişir. Pambıq parça dünya bazarında bahadır. Parçanın qiyməti 10 dollardan aşağı deyil. 17 manat dünya qiymətidir. Bu qiymətə pambıq parça alıb onu tikmək 30 manatdan baha başa gələcək".
E. Əzimov bildirib ki, hələki məktəbli formalarının qiyməti təsdiq olunmayıb: "Bizim sifariş verdiyimiz parçalar hələki r yoldadır. Bu ayın sonunadək parçalar gələcək. Avqustun 10-dan sonra məktəbli formaları satışa çıxarılacaq".
E. Əzimov bildirib ki, məktəblər üçün iki rəng seçimi verilib. Bunlar ağ rəng köynək (polo) göy şalvar, göy jaket və mavi polo, boz şalvar, boz ətək, boz jaketdir. Həmsöhbətimiz bildirib ki, tələblərə görə, pololar 100 faiz pambıqdan olmalıdır. Şalvar və ətəklərin parçası isə 60 faiz yun, 40 faiz polester ola bilər. Satış müdiri qeyd edib ki, məktəbli formalarının bəzi hissələri tikilir. Jaketlərin isə istehsalına bir qədər gec başlanılacaq: " Jaketlərə hələki başlamamışıq. Çalışırıq yay geyimini avqustun 10-dək hazırlayıb satışa çıxardaq. Qiymətlərin necə olacağı isə hələ bəlli deyil".
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə məktəbli formalarının qiymətinə toxunub. Bildirib ki, qiymətlər satışda olan adi şalvar və köynəyin qiymətindən baha olmamalıdır. Nazir həmçinin qeyd edib ki, forma ilə dərsə gəlməyən şagirdin məktəbə buraxılmayacağı doğru deyil: "Şagirdin ürəyi istədiyi paltarda da məktəbə gəlməsi yaxşı fikir deyil. Direktorun isə məktəblini hansısa forma geyinməyə məcbur etmək səlahiyyəti də yoxdur. Qaydanın mahiyyəti odur ki, şagirdlər arasında fərq olmasın. Forma olanda kimsə özünün varlı olmasını məktəbdə göstərə bilmir. Amma kimsə də məktəbə formada gəlmirsə, Nazirlik gedib onu məktəbdə yoxlamayacaq, yaxud əksinə direktorun da ixtiyarı yoxdur ki, şagirdi hansısa forma geyinməyə məcbur etsin".
Xatırladaq ki, 2022-ci ilin martında Azərbaycan Respublikası Nazirlər Kabineti "Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün formanın təsviri" sənədini təsdiqləyib. Bununla da, hökumət 2022-2023-cü tədris ilində dövriyyəyə buraxılmalı olan qış və yay dəstlərinin yeni modellərini təsdiqləyib.
Məktəblərin seçimindən asılı olaraq formalar aşağıdakı rənglərdə hazırlana bilər: tünd boz, tünd göy, tünd qəhvəyi və xaki rəngli şalvar və ətəklər, həmçinin, ağ, göy və bej rəngli polo tipli köynəklər. İstehsalçılar yun, polyester və pambıq parçalardan istifadə etməlidirlər.
Martın 1-dək məktəblərin pedaqoji şuralarına rəng sxemini seçmək həvalə edilib. Şagirdlər müəllimlər şurasının növbəti qərarına qədər bir neçə il seçdikləri formanı geyinməlidirlər. Nəticədə, paytaxt məktəblərinin əksəriyyətinin qərarı ilə seçim mavi və boz rənglərdə aşağı geyimə, eləcə də ağ və mavi tonlarda üst (polo tipli köynəklər) geyimə verilib.