BAKI, 1 avqust — Sputnik. Heydər Əliyev Fondu tərəfindən icra olunan layihələr çərçivəsində Ağdam rayonunda yerləşən infrastruktur nümunələrinin bərpası və konservasiyası nəzərdə tutulub. Bunu PAŞA Holding-in Korporativ kommunikasiyalar üzrə baş mütəxəssisi Aytac Muxtarzadə deyib. Onun sözlərinə görə, hazırda Fondun icra etdiyi 3 layihəyə PAŞA Holdinq və onun maliyyə törəmə şirkətləri dəstək göstərir.
"Bunlar arasında Ağdam Cümə məscidi və Qiyaslı kənd məscidinin bərpası, eləcə də yeni tikililərin tikilməsi və ətraf ərazinin abadlaşdırılması prosesləri yer alır", – deyə o bildirib.
Qeyd edək ki, Ağdam Cümə məscidinin bərpası istiqamətində artıq bir sıra əhəmiyyətli işlər görülüb.
Belə ki, İlkin inşaat zamanı tikintidə istifadə olunmuş materialların analizi aparılıb; Məscidin içində torpaq qatının bərpası işləri yerinə yetirilib.
İbadət otağının duzsuzlaşdırılması işləri aparılır, eləcə də Bərpa materiallarının təchizatı və sahəyə çatdırılması işləri hazırda aparılmaqdadır.
Bundan əlavə, layihə çərçivəsində Ağdam rayonu, Qiyaslı kənd məscidinin bərpası və konservasiyası, yeni tikililərin inşası və ətraf ərazinin abadlaşdırılması da həyata keçirilir.
Qeyd edək ki, Ağdam rayonunda aparılan bərpa proseslərinin 2023-ci ilin iyun ayında tamamlanması planlaşdırılır.