BAKI, 31 iyul - Sputnik. Rusiya Prezidenti Vladimir Putin gəmilərin genişmiqyaslı tikintisini və dəniz elmi tədqiqat proqramının davam etdiriləcəyini nəzərdə tutduğunu bildirib. Bu barədə “TASS” xəbər verir.
İyulun 31-də Rusiya dövlət başçısı Sankt-Peterburqda keçirilən Baş Hərbi Dəniz Paradında iştirak edib.
“Biz gəmilərin genişmiqyaslı tikintisini, dəniz elmi tədqiqat proqramlarını davam etdirəcəyik. Sahil bölgələrində böyük müsbət dəyişikliklər baş verəcək”, - deyə Putin vurğulayıb.
Prezident qeyd edib ki, Rusiya Federasiyasının gəmiqayırma kompleksinin prioritet istiqaməti iritutumlu gəmilərin tikinti imkanlarının təmin edilməsidir.
Rusiya dövlət başçısı gəmilərin inşası və proqramın digər məqamları ilə bağlı başqa təfərrüatları açıqlamayıb.
Bu yaxınlarda Putin “Zirkon” komplekslərinin imkanlarının qeyri-məhdud (sərhədsiz) olduğunu bildirib. Putinin sözlərinə görə, hipersəs kompleksləri üçün heç bir maneə yoxdur.
Putin həmçinin dənizçilərin ailələrinin rifahının prioritet olduğunu da bildirib.