BAKI, 31 iyul — Sputnik. Müasir dövrdə artıq çəkidən xilas olmağın ən asan və rahat üsullarından biri də detoks çaylarıdır. Orqanizmdəki zərərli maddələri xaric edən həmin çaylar eyni zamanda həzm prosesini də sürətləndirir. Lakin diyetoloqlar detoks çaylarının çox istifadə edilməsini məsləhət görmürlər, çünki onun faydası qədər zərəri də var.
Həkim-diyetoloq Esmira Babayeva deyib ki, detoks xərçəng hüceyrələrini oyadır, beyin hüceyrələrinə və mədəyə ziyan vurur, yaddaş problemləri yaradır. Detoks çayının içilməsi 1 saat sonra əsəb sisteminə mənfi təsir edir, aqressivlik və asılılıq əmələ gətirir. Detoks çaylarının gündə bir dəfədən artıq istifadəsi məsləhət deyil. Əks halda, mədə-bağırsaq sistemində problem yarana bilər. Ona görə də daha sağlam yolla arıqlamaq tövsiyə olunur.
"Hər saatdan bir yemək yeyilməlidir. Ən əsası su balansı düzgün saxlanılmalıdır. Yəni su yeməkdən 1 saat əvvəl içilməlidir, çünki su ilə yemək qarışanda piy qatını artırır. Yemək yeyəndən sonra limon sıxılıb içilməsi orqanizmə daxil olan yeməkləri parçalayır", - deyə həkim-diyetoloq əlavə edib.
Onun sözlərinə görə, sağlam arıqlamaq üçün mütəmadi idmanla məşğul olmaq, yağlı qidalardan uzaq olmaq və piyada gəzmək mütləq şərtlərdən biridir.