BAKI, 30 iyul - Sputnik. İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Xatırladaq ki, iyulun 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyinin bildirdiyinə görə, ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.