CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN sabiq polis rəisi ilə bağlı ittihamlara münasibət bildirib

Ehsan Zahidpovun sözlərinə görə, hazırda təqaüddə olan Şirzad Əsgərov daxili işlər orqanlarında 40 ilə yaxın xidmət edib, dövlətini və xalqını sevən bir polis zabiti olub.
Sputnik
BAKI, 30 iyul - Sputnik. 2020-ci ilin yanvar ayında Tovuz rayonunda azyaşlı qızın qətli ilə əlaqədar başlanılmış cinayət işinin istintaqı Respublikanın Baş Prokurorluğunda aparılsa da son zamanlar rayonun sabiq polis rəisi Şirzad Əsgərovun ünvanına ağır ittihamlar səsləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, qeyd olunan ittihamlar yalandır, uydurmadır və qərəzlidir.
Onun sözlərinə görə, hazırda təqaüddə olan Şirzad Əsgərov daxili işlər orqanlarında 40 ilə yaxın xidmət edib, dövlətini və xalqını sevən bir polis zabiti olub:
"2020-ci ildə törədilən qətl hadisəsinin açılmasında həmin vaxt rayonun polis rəisi kimi Ş.Əsgərovun əməyi danılmazdır. Cinayət işinin respublikanın Baş Prokurorluğu tərəfindən aparılmasını nəzərə alsaq istintaqa kiminsə müdaxilə etməsi mümkün deyil və qanun da buna imkan vermir. Ona görə də sabiq polis zabiti haqqında uydurma və qərəzli ittihamlar səsləndirmək həm qanuni həm də mənəvi baxımdan qətiyyən yolverilməzdir.
Şirzad Əsgərov daxili işlər orqanlarında xidmət etdiyi müddətdə qanunun aliliyini rəhbər tutan bir zabit olub. Onun hazırda təqaüddə olmasına baxmayaraq bu gün də təcrübəli və peşəkar bir polis veteranı kimi bizim sıralarımızdadır".
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində İ.Süleymanovun məhkəmə prosesi davam etdirilir.