BAKI, 30 iyul — Sputnik. Rusiyadan enerji tədarükünün azalması səbəbindən Böyük Britaniyada bu qış elektrik enerjisi ilə bağlı gərgin dövr ola bilər. Bu barədə "The Telegraph" qəzeti Britaniyanın "National Grid" enerji sisteminin operatoruna istinadən yazır.
Qəzetin məlumatına görə, Britaniyanın "National Grid "operatoru illik qış elektrik enerjisi tədarükünün proqnozunda bildirib ki, "bu qış qitədən enerji ötürən sualtı kabellərdən istifadə etməyə ümid edir, lakin dekabrın əvvəlində hətta bu cür dəstəklə "gərgin" dövrlər haqqında xəbərdarlıq edib".
Nəşr qeyd edir ki, Böyük Britaniya gələn qışda işıqlandırmanı dəstəkləmək üçün daha çox idxal olunan enerji mənbələrinə etibar etmək niyyətindədir.
Xatırladaq ki, "Yahoo News Japan" portalı bu günlərdə qışın Avropanın iqtisadiyyatı və birliyi üçün həlledici dövr olacağını bildirərək, bu ilin əvvəlindən Avropada qazın qiymətinin iki dəfədən çox artdığını qeyd etmişdi. kp.ru saytının yazdığı kimi, bundan bir qədər əvvəl Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton Avropa İttifaqının Rusiya qazı olmadan qışa hazırlığa başladığını bildirmişdi.