BAKI, 30 iyul — Sputnik. Günel Ravilova rəssam ailəsində doğulub. Kiçik yaşlarından bu sənətə başlayan qəhrəmanımızın təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də sərgisi təşkil olunub. Müsahibimiz vurğulayır ki, rəssamlığa həvəsi olsa da, bu sahədə tanınmaq istəməyib. Xalq rəssamı Toğrul Nərimanbəyovun təkidi ilə sərgilərdə iştirak etməyə başlayıb:
"İstəmirdim ki, kimsə əsərlərimi görsün. Hansısa sərgidə iştirak etmək həvəsində deyildim. Hətta İtaliyada fərdi sərgim təşkil olunmuşdu, getmədim. Toğrul müəllim mənim əsərlərimi görən kimi deyib ki, bu qızı Rəssamlar İttifaqına qəbul edin, əsərləri fərqlidir. Mənə nömrəsini verdi ki, onunla əlaqə saxlayım. Onun təkidi ilə bu sahəyə gəldim".
Ravilova bildirir ki, Azərbaycanda çox istedadlı rəssamlar var, amma onları dünyada tanımırlar. Dünya rəssamları elə hesab edirlər ki, Azərbaycan bu sahədə çox geridə qalıb:
Yaradıcılığından, Azərbaycanda rəssamlıq sənətinin bugünki vəziyyətindən söz açan həmsöhbətimiz deyir ki, bu gün ölkədə rəssamların vəziyyəti olduqca acınacaqlıdır. On ildən artıq üzvü olduğu Rəssamlar İttifaqı ona heç bir maddi dəstək göstərmir:
"Rəssamlar İttifaqında hər şey konservativdir, orada yaşlılar yığışıb, ancaq onlara kömək edirlər. Dəfələrlə müraciət etmişəm ki, mənə təqaüd ayırın, emalatxana ilə təmin edin. Amma etmirlər. Mən bilmirəm, ev kirayəsini ödəyim, yoxsa lazimi avadanlıqlar alım. Məcburam kirayə qaldığım otağın birini emalatxana edim. Övladlarım körpədir, onlara rəngin iyi olmaz, zəhərlənə bilərlər. Məcburam qapını bağlayıb, işimi görəm. Ya da onları evdən uzaqlaşdıram, kiminsə evinə yollayam. Bəzən hansısa tanınmış insan sifariş verir, ən bahalı işini taksi ilə göndərirsən, pul əvəzinə deyir ki, "hədiyyənə görə təşəkkür edirəm". Bəs mənim zəhmətim? Bütün materiallar od bahasınadır".
Əsasən abstrakt və sürrealist üslubda işləyən rəssam nyud janrına da müraciət edir. Rəssam təəssüf hissi ilə vurğulayır ki, Azərbaycanda bu janra münasibət heç də birmənalı deyil:
Müsahibimiz bildirir ki, Azərbaycandan fərqli olaraq xarici ölkələrdə rəssamlara olan münasibət tam fərqlidir:
"Mənim bir yəhudi dostum var, ona pul borcum olanda deyir ki, mənə pul əvəzinə əsər ver. Deyir, rəsm əsəri zaman keçdikcə, daha da qiymətli olur. Azərbaycanda isə bahalı əşyalar alırlar evlərinə, rəsm əsəri almırlar".
Rəssama ən yad olan janr portretdir: "Bəzən fotonu verirlər ki, bunu rəsmə çevir. Anlaya bilmirəm. Portret janrı ona görə olub ki, o zamanlar fotoaparat yox idi, varlı insanlar öz portretlərini çəkdirirdilər. İndi buna heç bir ehtiyac duymuram".