CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hədiyyə kartları ilə bağlı fırıldaq - Aldana bilərsiniz! FOTO

Eyyub Hüseynov şirkətlərin hədiyyə kartları ilə bağlı hər gün AİB-ə çoxlu sayda şikayət daxil olduğunu söyləyir.
Sputnik
BAKI, 29 iyul — Sputnik. Azərbaycanda parfümeriya şirkətləri hədiyyə kartları sataraq istehlakçıları aldadır. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında vətəndaşlar məlumat verib.
Leyla Məhərrəmova adlı istehlakçı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2019-cu ildə keçmiş "Sabina" parfumeriya şirkətindən hərəsinin dəyəri 100 manat olan 6 ədəd hədiyyə kartı alıb. Həmin kartlara görə şirkətin Nərimanov filialında yerləşən mağazasına nağd şəkildə 600 manat ödəniş edib. 2022-ci ilin mart ayının 23-də "Sabina" parfumeriya şirkətinin Nərimanovda yeləşən mağazasına gedərək kart vasitəsilə seçdiyi məhsullara ödəniş etmək istəyərkən kassada ona kartların qüvvədə olmadığını bildiriblər. Ona "qaynar xətt"lə əlaqə saxlamağı tövsiyyə ediblər. Oradan isə "Sabina" parfümeriya şirkətində hüquqi dəyişikliklərin baş verməsi səbəbindən, öhdəlikləri tam yox, qismən aldıqlarını bildiriblər. Vətəndaş bildirir ki, şirkət başqa sahibkar tərəfindən alındıqda qanunla bütün öhdəliklər, debitor və kreditor öhdəliklər yeni yaranmış şirkətə keçməli olsa da, "Sabina" şirkətinin yeni sahibi "Adore" şirkəti bu öhdəlikləri qəbul etmək istəmir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Birliyə onlarla belə şikayətlər daxil olub. Onun sözlərinə görə, "hədiyyə kartları vasitəsilə istehlakçılar aldadılır. İllər öncə "İdeal" parfümeriya şəbəkəsi kart hazırlayaraq onu hədiyyə kartı adı ilə satışa çıxarır. Bu Azərbaycan manatının funksiyasını həyata keçirən bir kupondur. Bu infilyasiyaya təkan verir. Həmçinin kartlara yararlıq müddəti qoyulur. Kartı alan istehlakçıya həmin vaxt kartım müddətli olması barədə məlumat verilmədiyindən, kartın istifadə müddəti başa çatan kimi dəyəri olmur. Bu barədə bizə illər öncə müraciətlər daxil olub. "Sabina" parfumeriya şirkətinin rəhbəri vəfat etdikdən sonra "Sabina" və "İdeal" parfümeriya şirkətləri birləşərək "Adore" adı altında fəaliyyət göstərməyə başladı. Bundan sonra artıq "Sabina" parfumeriya şirkətindən də belə şikayətlər daxil olmağa başladı".
E. Hüseynov deyir ki, "Sabina" şirkətini alarkən "Adore" şirkəti əvvəl satılan kartlarla bağlı öhdəliyi qəbul etməyib. Bu isə istehlakçıların aldıqları hədiyyə kartlarının dəyərdən düşməsi deməkdir. Çox təəssüf ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti belə hallara demək olar ki, əhəmiyyət vermir. İstehlakçıların şikayət məktubuna cavabda onlara məhkəməyə müraciət etməyi tövsiyyə edir. Hökumətin, istehlakçı hüququnun pozulmasına nəzarət edən dövlət qurumunun bu siyasəti səhvdir. Biz buna etiraz edirik. İstehlakçıların hüquqlarının bu formada pozulmasına göz yumulması düzgün deyil. "Sabina" parfumeriya şirkətini alan "Adore" şirkəti öz məsuliyyətini nəzərə alaraq istehlakçıların hüququnu pozmamalıdır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə hədiyyə kartları ilə bağlı ünvanladığımız suallara cavab verəcəklərini bildirdilər.