HADİSƏ

Rüşvət alıb həbs olundular, azadlığa buraxıldılar, yenidən həbs olundular

Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov yenidən həbs edilib
Sputnik
BAKI, 29 iyul — Sputnik. 4 ay əvvəl azadlığa çıxan gömrükçülər yenidən həbs olundu
Rüşvət almaqda ittiham olunan, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq azadlığa çıxan Bakı Baş Gömrük İdarəsinin sabiq əməkdaşları yenidən həbs olunub.
"Qafqazinfo" xəbər verir ki, bu gün səhər Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda hakim Ramin Qaraqurbanlı tərəfindən hökm dəyişdirilib. Qərara əsasən, şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov isə 2 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs edilib. Orxan Zöhrabov, Sadiq İsgəndərov barəsindəki şərti cəza qüvvədə saxlanılıb. Barəsində bəraət hökmü çıxarılan Mirağa Ağayev isə yenidən təqsirləndirilən şəxs qismində tanınıb və ona da şərti cəza verilib. Həbsdə olan Elmar Mirzəyevin cəzası isə 3 ay artırılaraq 5 il 3 aya qaldırılıb.
Xatırladaq ki, gömrükçülər ötən il Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməliyyatı ilə saxlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılmışdı. İttihama Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Bu ilin martında çıxarılan hökmlə Elmar Mirzəyevə 5 il həbs cəzası, Mirağa Ağayevə bəraət, digərlərinə isə şərti cəza verilib.