BAKI, 29 iyul — Sputnik. Argentina, Braziliya və Meksika ABŞ ölkələrinin Ukraynadakı münaqişəni pisləməklə bağlı mövqeyinə qoşulmaqdan imtina ediblər. Bu barədə cümə axşamı Braziliyada keçirilən Amerika müdafiə nazirlərinin 15-ci Konfransının (CDMA) yekununda qəbul edilmiş bəyannamədə deyilir.
"Argentina və Braziliya beynəlxalq siyasətini tənzimləyən prinsiplərə uyğun olaraq, beynəlxalq sülh və təhlükəsizliyə nail olmaq baxımından BMT-nin rolunu tanıyır və bu təşkilatı Ukraynadakı münaqişənin həlli üçün müvafiq səlahiyyətlərə malik platforma hesab edirlər", - deyə sənəddə iki ölkənin mövqeyi izah olunur.
Meksika da öz növbəsində hesab edir ki, Ukraynadakı vəziyyət CDMA-nın səlahiyyətinə aid deyil və BMT-nin rolu ilə bağlı Argentina və Braziliyanın fikrinə qoşulur.
Eyni zamanda, sənədin mətnindən belə çıxır ki, Haiti, Qvatemala, Dominikan Respublikası, Kanada, Kolumbiya, Paraqvay, ABŞ və Ekvador Ukraynadakı hərbi əməliyyatları “qətiyyətlə pisləyib”.
Amerika müdafiə nazirlərinin Konfransı hər iki ildən bir keçirilir. Hərbi idarə başçılarının ilk belə görüşü 1995-ci ildə ABŞ-da baş tutub. CDMA-nın işində ümumilikdə 34 ölkənin nümayəndələri iştirak edirlər.
Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Donbas respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq xüsusi hərbi əməliyyat keçiriləcəyini elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsədlər isə ölkənin demilitarizasiyası və denazifikasiyasıdır. Bundan sonra Qərb Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib.
Eyni zamanda, Qərb dövlətləri Kiyevə silah tədarükünü hazırkı mərhələdə milyardlarla dollarla qiymətləndirilən məbləğdə artırıblar.