BAKI, 28 iyul — Sputnik. Rusiya və ABŞ arasında vətəndaşların qarşılıqlı mübadiləsi ilə bağlı danışıqlarda hələ konkret nəticə əldə olunmayıb, hər iki tərəfin maraqları nəzərə alınmalıdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Rusiya və Amerika vətəndaşlarının iki ölkə ərazisindəki həbs yerlərində qarşılıqlı mübadiləsi məsələsi bir dəfə Rusiya və ABŞ prezidentləri tərəfindən müzakirə olunub. Onlar müvafiq səlahiyyətli strukturlara danışıqlar aparmağı tapşırıblar. Onlar hazırda bu istiqamətdə iş aparırlar. Müzakirələr səlahiyyətli qurumlar tərəfindən aparılır. Konkret nəticə hələ əldə olunmayıb. Eyni zamanda, biz bildiririk ki, danışıqlar prosesində hər iki tərəfin maraqları nəzərə alınmalıdır", - diplomat bildirib.
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb.
Dövlət katibi qeyd edib ki, o, rusiyalı həmkarı ilə Rusiyada saxlanılan amerikalılarla bağlı vəziyyəti müzakirə etməyi planlaşdırır.
"Yaxın günlərdə Rusiyanın xarici işlər naziri Lavrovla danışmağı gözləyirəm", - Blinken deyib.
O, həmçinin ABŞ-ın Rusiyaya amerikalılar Brittney Qriner və Paul Uilanın azad edilməsi üçün təklif irəli sürdüyünü təsdiqləyib, lakin təfərrüatları açıqlamaqdan imtina edib.
"Ruslara təklifimizlə bağlı hər hansı təfərrüata girə bilmərəm", - deyə Blinken bildirib.