BAKI, 28 iyul — Sputnik. Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi 2022-ci ilin sonuna qədər 60 milyard dollara çata bilər.
Bunu Türkiyə-Rusiya İşgüzar Şurasının rəhbəri Kani Karaaslan deyib.
"Altı ayın yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 30 milyard dolları ötüb və 50 milyard dollara doğru irəliləyir. Hər iki ölkənin mərkəzi bankları məzənnə fərqindən yaranan itkilərin qarşısını almağı bacarsa, ilin sonunadək bu göstərici 60 milyard dollara çata bilər", - deyə Karaaslan bildirib.
Türkiyəli biznesmen, həmçinin sərmayədarların və ixracatçıların milli valyutalar vasitəsilə qarşılıqlı hesablaşmalara keçməsinin tərəfdarı olduğunu vurğulayıb. Onun fikrincə, ikitərəfli ticarətin inkişafı üçün 5-10 ilə yönəlmiş uzunmüddətli planlar qurmaq lazımdır.
Xatırladaq ki, ötən il Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi təxminən 35 milyard dollar təşkil edib. Ankara ilin sonunadək ikitərəfli ticarətin 50 milyard dollara qədər artacağını proqnozlaşdırır.