BAKI, 28 iyul — Sputnik. Təhsil naziri Emin Əmrullayev "İnklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi barədə" əmr imzalayıb.
Əmrə əsasən, "2018–2024-cü illərdə Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə 2022-2023-cü tədris ilində Bakı şəhəri 39, 84, 265, 300, Gəncə şəhəri 8, Sumqayıt şəhəri 25, Xaçmaz şəhəri 6, Ağcabədi şəhəri 5, Qəbələ şəhəri 3 nömrəli tam orta məktəblərdə və Xırdalan şəhəri 3 nömrəli məktəb-liseydə inklüziv siniflər təşkil ediləcək.
Sənədə görə, yerli təhsili idarəetmə orqanları sağlamlıq imkanları məhdud uşaqların psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında seçilmiş ümumi təhsil müəssisələrində inklüziv təhsilə cəlb olunmasını təmin etməlidir.
Qeyd edək ki, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi tərəfindən ölkədə inklüziv təhsilin inkişafı istiqamətində pilot layihələr həyata keçirilir, qanunvericilik səviyyəsində islahatlar aparılır və müəllim hazırlığı üzrə proqramlar yenilənir.