BAKI, 28 iyul — Sputnik. "Gürcüstanla enerji və digər sahələrdə əməkdaşlığa böyük önəm veririk. Bu günə qədər Gürcüstan və Azərbaycanla birlikdə bölgəmizin simasını dəyişdirən çox önəmli layihələri reallaşdırmışıq. "Bakı-Tbilisi-Qars", "Bakı-Tbilisi-Ceyhan" və Cənub Qaz Dəhlizi bu anlayışla həyata keçirilib".
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstan XİN rəhbəri İlya Darçiaşvili ilə birgə keçirdiyi brifinqdə deyib.
Türkiyə XİN rəhbəri bildirib ki, "Bakı-Tbilisi-Qars" dəmiryolundan hazırda daha çox faydalanmaq istəyirlər: "Növbəti günlərdə bunları nəzərdən keçirmək üçün Azərbaycanın ev sahibliyi ilə Türkiyə, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Ötən həftə Bakıda Türkiyə, Azərbaycan, Qazaxıstan xarici işlər nazirlərinin və nəqliyyat nazirlərinin toplantısı keçirildi. Gələn həftə, avqustun 2-də Daşkənddə Türkiyə, Azərbaycan və Özbəkistan XİN rəhbərləri, nəqliyyat və enerji nazirlərinin iştirakı ilə iclasımız keçiriləcək".
Türkiyə XİN rəhbəri bu iclasların məqsədini də açıqlayıb. O bildirib ki, son zamanlar Ukraynadakı hərbi əməliyyatlar səbəbindən Asiya və Mərkəzi Asiya məhsullarının Rusiya üzərindən Avropaya çatdırılması çətinliklərlə üzləşib:
"Bu da mərkəzi dəhliz olaraq Azərbaycan, Gürcüstan və Türkiyənin önəmini artırıb. Qarşıdakı dövrlərdə biz bu görüşlərə Gürcüstanı da dəvət etmək istəyirik. Bu, bölgəmizin iqtisadi inkişafı baxımından da önəmlidir. Həmçinin bölgəmizin logistika və enerji habına çevrilməsi baxımından son dərəcə əhəmiyyətlidir".