CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kənd qonaq evlərinin yaradılmasına başlanılıb

Regionlarda kənd qonaq evləri kimi fəaliyyət göstərəcək 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulur.
Sputnik
BAKI, 28 iyul — Sputnik. "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsinin növbəti mərhələsi çərçivəsində turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara, Lerik rayonlarında kənd qonaq evləri kimi fəaliyyət göstərəcək yeni sahibkarlıq subyektləri yaradılır.
Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.
Kənd turizminin inkişafına və kəndlərdə məşğulluğa dəstək məqsədi daşıyan layihənin yeni mərhələsində həmin rayonlarda turistlər üçün kənd qonaq evləri kimi fəaliyyət göstərəcək 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulur.
Bunun üçün ilk növbədə uyğun namizədlərin seçimi aparılıb və onlar turizm-xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün təlimlərə cəlb olunub. Turizm obyekti kimi istifadə olunacaq ərazidə də təmir işləri aparılıb.
Son mərhələ olaraq bu günlərdə həmin namizədlərə Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramının aqroturizm zərfi üzrə qonaq evi üçün lazım olan avadanlıqların (divan, kreslo, stol-stul və yataq dəstləri, mebel avadanlıqları, soyuducu, kondisioner, mətbəx ləvazimatları, televizor və s. ) verilməsinə başlanıb.
Qeyd edək ki, layihənin ilk mərhələsi olaraq ötən il İsmayıllı rayonunda 15 kənd qonaq evi yaradılaraq avadanlıqlarla təchiz olunub. 15 ailə üzrə 40 nəfərə yaxın qadın və gəncin məşğulluğu təmin edilib. Həmçinin 300-ə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb.