BAKI, 28 iyul — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış komissiyanın fəaliyyəti çərçivəsində 2022-ci ilin aprel-iyul aylarında 132 nəfər hepatit B və C xəstəsi müalicəyə cəlb olunub və ödənişsiz dərman preparatları ilə təmin edilib.
Agentlikdən verilən məlumata görə, 28 nəfər hepatit B xəstəsinə "Tenovir", 104 nəfər hepatit C xəstəsinə isə "Sofosbuvir" və "Daktatasvir" dərman preparatları verilib.
"B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya"nın qərarına əsasən və müasir kliniki protokollara uyğun olaraq təyin olunan dərman preparatları Agentlik tərəfindən təchiz edilir.
Bundan başqa, müalicənin təyin olunub-olunmaması ilə bağlı qərarın verilməsi məqsədilə Komissiyaya müraciət etmiş şəxslərin bir qismi müvafiq müayinələrə göndərilib, müalicəyə ehtiyacı olmayan digər şəxslərə isə həkim müşahidəsi altında qalmaları tövsiyə olunub. Eyni zamanda müayinələrin nəticələrinə əsasən xəstəlikdən sağalan şəxslər də qeydə alınıb. Ümumilikdə isə Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərən Komissiya tərəfindən bu ilin 4 ayı üzrə 281 vətəndaş qəbul edilib.
Hepatit B və hepatit C xəstəliyindən əziyyət çəkən şəxslərin tibbi xidmətdən yararlanması üçün ilk növbədə onların sağlamlıq vəziyyəti qiymətləndirilməlidir. Belə ki, hepatit B və C xəstəsi və ya daşıyıcısı olan, eləcə də xəstəliyin əlamətlərini özündə hiss edən və yaxud infeksiyaya yoluxmuş şəxslə təmasda olmuş vətəndaşlar müayinə və müalicə üçün öncə qeydiyyatda olduqları yer üzrə poliklinika və ya Ailə Sağlamlıq Mərkəzinə müraciət etməlidirlər.
Onlar sözügedən tibb müəssisələrində həkim-infeksionist və ya ailə/sahə həkiminin göstərişinə uyğun olaraq müayinələrə cəlb olunurlar. Bu tibb müəssisələrində müayinələrin aparılması mümkün olmadıqda pasiyentlər göndərişlə müvafiq dövlət tibb müəssisəsinə yönləndirilir. Növbəti mərhələdə vətəndaşın qeydiyyatda olduğu tibb müəssisəsi müayinə nəticələrinə və tibbi göstərişə əsasən onun tibbi sənədlərini müraciət qaydalarına uyğun olaraq Komissiyaya təqdim edir.
Diqqətə çatdırırıq ki, pasiyent həkimə virusa yoluxma faktını təsdiqləyən son 3 aya aid sənəd təqdim etdiyi halda yeni laborator və instrumental müayinə tələb olunmur. Onun Komissiya tərəfindən qəbul olunması üçün qeydiyyatda olduğu yer üzrə poliklinika və ya Ailə Sağlamlıq Mərkəzi Komissiyanın katibinə elektron müraciət ünvanlayır.
Vətəndaşlar Komissiya tərəfindən əvvəlcədən təyin olunan tarixdə, növbəlilik prinsipi və yalnız qeydiyyat əsasında həftənin çərşənbə günü qəbul olunurlar. Onlar qəbul tarixi ilə bağlı Komissiya katibi tərəfindən öncədən məlumatlandırılır və dəvət olunur. Qəbul zamanı pasiyentin müalicəyə ehtiyacı olub-olmaması ilə bağlı qərar qəbul edilir, zərurət yarandıqda isə əlavə müayinələr təyin olunur. Əlavə müayinəyə ehtiyac olmadıqda Komissiya tərəfindən anamnestik məlumatlar (sağlamlıqla bağlı ətraflı informasiya) toplanılır və xəstənin şikayəti dinlənilir. Buna uyğun olaraq qərar qəbul olunur və pasiyentin səhhəti ilə bağlı müvafiq rəy tərtib edilir. Rəyə əsasən müalicəsinə qərar verilmiş şəxslərin səhhəti göndəriş verən həkim tərəfindən müşahidə olunmalıdır.
Sonda Komissiya müalicəyə cəlb olunan pasiyentə müvafiq dərman preparatları barədə tibbi resept təqdim edir. Reseptə əsasən vətəndaş Kliniki Tibbi Mərkəz tərəfindən dərman preparatları ilə təmin olunur.
Bununla yanaşı, Komissiya tərəfindən müalicəyə ehtiyacı olmayan vətəndaşlara da diqqətlə yanaşılır və onlara bütün lazımi tövsiyələr verilir.
Qeyd edək ki, hepatit B və C xəstəliyinin ambulator müalicəsi üçün təyin olunan dərman preparatlarının təminatı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. Hazırda Xidmətlər Zərfi ilə hepatit B və C virusunun müayinəsi və stasionar şəraitdə müalicəsi qarşılanır.