CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edildi

Ərzaqlıq buğdanın istehsal xərcləri və istehsalçının mümkün qazancı nəzərə alınıb/
Sputnik
BAKI, 28 iyul — Sputnik. Yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2022-ci il üçün 580 manat müəyyən edilib.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Prezidentinin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmanının icrası istiqamətində işlər davam etdirilir.
Fərmanın 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Dövlət Ehtiyatları Agentliyinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış təklifinə əsasən Nazirlər Kabineti tərəfindən müvafiq sərəncam qəbul edilib.
Həmin sərəncamla ərzaqlıq buğdanın istehsal xərcləri (maya dəyəri) və istehsalçının mümkün qazancı nəzərə alınmaqla, "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsində göstərilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2022-ci il üçün 580 manat müəyyən edilib.
Xatırladaq ki, Azərbaycanda hər il ərzaqlıq buğdanın tədarük qiyməti müəyyən ediləcək, ərzaqlıq buğdaya görə 5 il müddətinə subsidiya veriləcək. Bu məsələ Prezident İlham Əliyevin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmanında öz əksini tapıb.
5 il müddətində məhsul subsidiyası tətbiq olunacaq
Deputat Vüqar Bayramov bildirib ki, buğda yetişdirən fermerlər istehsal etdiyi məhsulun həcminə görə subsidiya alacaqlar: "Sənədə əsasən gələn ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq olunacaq. Bu sənəd subsidiya mexanizminin daha da təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, daha çox məhsul yetişdirən fermerin dövlətdən daha çox pul almasına səbəb olacaq".
O bildirib ki, ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya subsidiya tətbiq ediləcək.
Yeni qaydalar idxaldan asılılığın azaldılmasına xidmət edəcək
"Bu qaydalar yerli istehsalı stimullaşdırmaqla idxaldan asılılığın azaldılmasına xidmət edəcək. Qlobal ərzaq böhranın dərinləşməsi fonunda yerli ərzaq istehsalının artırılması daha da aktuallaşıb. İşğaldan azad olunan ərazilərimizin taxıl və ərzaq istehsalı baxımdan böyük potensialı var. Bu da ərzaqla özünütəminata xüsusi töhfə verəcək", - deyə deputat qeyd edib.
Hər ay üçün orta idxal statistik göstərici elan ediləcək
Deputat diqqətə çatdırıb ki, Nazirlər Kabineti ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən edəcək. Eyni zamanda, Dövlət Statistika Komitəsi Azərbaycana idxal edilən ərzaqlıq buğdanın qiymətini əsas götürərək hər ay üçün orta idxal statistik göstəricini elan edəcək.
Gələn il dünyada ərzaq böhranının daha da dərinləşəcəyi gözlənilir
Onun sözlərinə görə, sənəd fermerləri daha çox istehsala stimullaşdırmaqla istehlak bazarında tarazlığın qorunub saxlanmasına xüsusi dəstək olacaq: "2023-ci ildə dünyada ərzaq böhranının daha da dərinləşəcəyi gözlənilir. Məhsula görə subsidiya fermerin əməyini qiymətləndirmək üçün ən yaxşı üsullardan biridir. Artıq daha çox yerli ərzaq istehsalı güclü ərzaq təhlükəsizliyi anlamına gəlməkdədir".
Fərmanda deyilir ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Bu məqsədlə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir və beynəlxalq təcrübəyə əsaslanan yeni dəstək tədbirləri həyata keçirilir.