BAKI, 28 iyul — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə yoluxmuş insanla əlaqədə olanlara, həmçinin yoluxma riski yüksək olanlara - tibb işçilərinə, tibbi laboratoriyaların əməkdaşlarına məqsədli vaksinasiyadan keçməyi tövsiyə edib.
ÜST-ün rəhbəri Tedros Qebreyesus brifinqdə açıqladığı məlumata görə, bu günə qədər dünyanın 78 ölkəsində meymunçiçəyinə yoluxma ilə bağlı 18 min hadisə qeydə alınıb. Kanada, Avropa İttifaqı və ABŞ-da "MVA-BN" vaksini meymunçiçəyinə qarşı istifadə edilmək üçün rəsmən təsdiqlənib. Daha iki vaksin – "LC16" və "ACAM2000" hazırda effektivliyin qiymətləndirilməsi mərhələsindədir.
ÜST-ün rəhbəri deyib: "Meymunçiçəyinə qarşı vaksinlərin effektivliyi barədə, həmçinin neçə doza lazım gələ biləcəyi barədə hələlik kifayət qədər məlumat yoxdur. Ona görə də biz vaksinlərdən istifadə edən bütün ölkələri bu barədə məlumatları mübadilə etməyə çağırırıq".
ÜST mütəxəssisləri hazırda tədqiqat bazası yaradılması üzərində işləyirlər. Ölkələr bu və ya digər vaksinin nə dərəcədə effektiv olmasını öyrənmək üçün həmin bazadan istifadə edə biləcəklər.
Hazırda qeydiyyata alınmış yoluxma hallarının 70 faizdən çoxu Avropa İttifaqının, 25 faizi Amerika ölkələrinin payına düşür. Meymunçiçəyinə yoluxmuş beş nəfər ölüb.
Xatırladaq ki, meymunçiçəyi virusu (MPV və ya MPXV) insanlarda və heyvanlarda meymunçiçəyi xəstəliyinə səbəb olan ikiqat zəncirli DNT virusudur. Virus ilk dəfə meymunda aşkar edilib, 1970-ci ildən bəri on Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. Avropada ilk təsdiqlənmiş yoluxma halı 2022-ci ilin may ayında qeydə alınıb və iki həftə sonra yoluxma halları artıq 100-ə yaxınlaşıb.
Meymunçiçəyi ilə bağlı Azərbaycanda yoluxma faktı qeydə alınmayıb.